"Sumqayıt" ilk səfər qələbəsini qazanıb
“Sumqayıt” cari mövsümdə Azərbaycan Premyer Liqasında ilk səfər qələbəsini qazanıb.

İdman.com.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, 31-ci turun “Neftçi” ilə qarşılaşmada 3:1 hesabı ilə qalib gələn Aqil Məmmədovun komandası rəqib meydanında əvvəlki 14 matçdan heç birində 3 xal əldə etməyib.

Bu görüşlərdə 5 heç-heçə və 9 məğlubiyyəti olan komanda 9 qol vurmuş, 29-nu buraxıb.

Sumqayıtlılar sonuncu dəfə rəqib meydanında 2012-ci il dekabrın 16-da qalib gəlib. Həmin vaxt “Rəvan”ı məğlub edən komanda 2012/13 mövsümünün sonrakı 8 səfər oyununda bu uğuru təkrarlaya bilməyib. 490 gün sonra rəqib meydanında sevinən sumqayıtlılar 22 matçlıq həsrətə son qoyub.

Qeyd edək ki, rəqib meydanlarında 22 qələbəsiz oyun Azərbaycan çempionatları tarixində 5-ci nəticənin təkrarıdır. MOİK 35 qələbəsiz səfərlə milli çempionatların antirekordçusudur. Neftçala “Pambıqçı”sı 29, Qusar “Şahdağ”ı 27, “Qarabağ” 24, “Turan” 22 matçlıq səfər qələbəsizliyi yaşayıb.

Xəbər 787 dəfə oxundu.