"Atasport" hokkeyçiləri 8 iştirakçı arasında 8-ci oldu
Hollandiyanın Hertogenboş şəhərində Avropa Çempionlar Kuboku uğrunda mübarizə aparan Bakının “Atasport” klubu bu gün turnirdə üçüncü-sonuncu oyununu keçirib. İlk 2 qarşılaşmada “Amsterdam”və İngiltərənin “Readnig” klublarına məğlub olan həmyerlilərimizin bu dəfəki rəqibi –“Railvay Union”(İrlandiya) komandası o qədər də güclü sayılmırdı. Bərabər gücə malik rəqiblərin VII yer uğrunda mübarizəsinin ilk 35 dəqiqəsi gözlənilmədən İrlandiya hokkeyçilərinin tam üstünlüyü ilə keçib və onlar 3:0 hesabı ilə irəlidə olublar. Üçüncü hissənin(iştirakçı komandalar reqlamentə görə hərəsi 17,5 dəqiqədən ibarət 4 hissədə qarşılaşırlar) əvvəllərində Anastasiya Tsıqanska 1cavab topu vurmaqla qızlarımızı ruhlandırmağa çalışıb. 55-ci dəqiqədə Xatirə Əliyeva hesab arasındakı fərqi minimuma endirsə də hokkeyçilərimizin bundan artığına gücləri çatmayıb. Əvəzində 62 və 64-cü dəqiqələrdə rəqib komandanın oyunçuları daha 2 qol vuraraq matçı 5:2 hesabı ilə öz xeyirlərinə başa çatdırıblar.

Beləliklə, “Atasport” klubu qitəmiqyaslı Çempionlar Kuboku uğrunda turnirin 8 ən güclüsü sırasında sonuncu-8-ci yeri tutdu. Ancaq hokkeyçilərimiz deyəsən reytinq xallarının sayına görə yüksək dəstədəki yerini mühafizə edə biləcək. Odur ki, gəlin tələsməyək və yarışın yekununa görə xalların sayılmasını gözləyək.

Xəbər 2383 dəfə oxundu.