Gimnastlarımız Azərbaycan birinciliyi və Bakı çempionatında

Noyabrın 18-19-da Şağan qəsəbəsindəki Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 18-ci Azərbaycan birinciliyi və Bakı çempionatı keçiriləcək.
idman.com.az saytı xəbər verir ki, yarışlarda 5 yaş qrupuna (1996-1998, 1999-2000, 2001, 2002 və 2003-cü il təvəllüdlü) bölünəcək 110 gimnast iştirak edəcək. Gimnastlar həm çoxnövçülükdə, həm də ayrı-ayrı növlərdə medallar uğrunda mübarizə aparacaqlar.
Yarışlarda "Neftçi", Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, "Spartak", "Sərhədçi", "Zirvə", "Təhsil" "Start" və DİN-in İdman Cəmiyyətinin gimnastları ilə yanaşı, Gəncə, Sumqayıt və Xırdalan idmançıları da iştirak edəcəklər.
Turnirə marağın artmasına səbəblərdən biri də odur ki, yarış ilk dəfə Şağan qəsəbəsində keçiriləcək. Azərbaycan Gimnastika Federasiyası yarışları müxtəlif arenalarda keçirmək təcrübəsinə malikdir və bununla bağlı xatırlatmaq lazımdır ki, sonuncu ölkə çempionatı Qusar Olimpiya İdman Kompleksində uğurla təşkil edilmişdi.
Yeri gəlmişkən, Azərbaycanın bu şimal regionunun gənc gimnastları, Şağan və Hövsandan olan idmançılarla yanaşı, Qala-konsertdə nümunəvi çıxışlarla iştirak edəcəklər.

Xəbər 1155 dəfə oxundu.