“Samur” növbəti qələbəsini qazandı
Yola saldığımız həftənin şənbə və bazar günləri otüstü hokkey üzrə 15 və 17 yaşınadək hokkeyçilər arasında Azərbaycan birinciliyinin oyunları keçirilib. 17 yaşınadək hokkeyçilər II tur çərçivəsində, 15 yaşlılar isə ilk oyunlarda meydana çıxıblar. 17 yaşlıların “A” qrupuna daxil olan “Gəncə” və “Şəki” komandalarının görüşündə gəncəlilər 3:0 hesabı ilə qələbə qazanıblar. “Atasport-Binə”-“Atasport”(Sumqayıt) matçında isə Sumqayıt hokkeyçiləri rəqiblərini 6:1 hesabı ilə məğlubiyyətə uğradıblar. Masallı şəhər stadionunda isə “B” qrupunda yarışan yerli “Olimp” komandası Astara hokkeyçilərinə 3:0 hesabı ilə qalib gəlib.

17 yaşınadək oğlanların ölkə birinciliyində 2 turdan sonra “Atasport”(Sumqayıt) 6 xalla “A” qrupunda vahid liderdir. “Atasport-Binə” və “Gəncə” komandaları 3 xalla müvafiq olaraq II-III yerləri tuturlar. Şəki hokkeyçiləri isə ilk 2 turda məğlub olaraq sonuncu pillədə qərarlaşıblar.“B” qrupunda hərəyə 3 xal toplayan “Olimp”(Masallı) və “Xəzər”(lənkəran) komandaları yarış cədvəlinin önündədirlər.Astara hokkeyçiləri isə keçirdikləri hər 2 oyunda uduzaraq qrup sonuncusudurlar.

15 yaşınadək oğlanlar arasında ilk tur çərçivəsində keçirilən oyunları belə nəticələnib:

“A” qrupu - “Akkord”(Sumqayıt)- “Şəmkir” – 2:0

“Gəncə”- UGİM(Binəqədi) – 1:0

“B” qrupu- “Şahdağ” (Qusar) – “Olimp”(Masallı) – 9:0

“Atasport-Binə”- “Göytəpə”(Cəlilabad) – 2:0

Bazar günü qadın otüstü hokkeyçilərin ölkə çempionatında bir oyun keçirilib. Paytaxtın “Atasport-2” və “Bakı” komandaları arasındakı görüş oyunçularının bir çoxunun “Atasport” klubunun heyətində Avropa Çempionlar Kuboku uğrunda turnirdə iştirak etməsi ilə əlaqədar təxirə salınıb. Qusarın “Samur” komandası ilə Sumqayıt hokkeyçilərinin görüşündə qusarlı qızlar böyük hesablı qələbə qazanıblar- 9: 0. Topları rəqib qapısından Günay İsmayılova(2), Marina Süleymanova(2), Lamiyə Pirmətova, Günel İsmayılova, Əsmər Şərifova, Kəmalə Qazıxanova və Günay Hacıyeva vurublar.

Otüstü hokkey üzrə ölkə çempionatı və birinciliklərində növbəti turun oyunları aprelin 25, 26 və 27-də keçiriləcək.

Xəbər 2605 dəfə oxundu.