Bakıda FİLA-nın beynəlxalq hakimlik kursu keçirilir
19-22 aprel 2014-cü il tarixdə Bakı Olimpiya İdman Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda beynəlxalq turnir keçiriləcək. Turnirdə 13 ölkənin pəhləvanları mübarizə aparacaq.

Turnirdən əvvəl isə, Bakıda FİLA-nın növbəti hakimlik kursu təşkil olunub. Kurs FİLA instruktorları Sergey Novokovski (Rusiya) və Edişer Maşaidze (Gürcüstan) tərəfindən həyata keçirilir.

Bu gün başlayan kursda 13 ölkədən 50-dən artıq milli hakim iştirak edir. Hakimlik kursunun ilk günündə iştirakçılara nəzəri və praktiki biliklər verilib, FİLA-nın yeni güləş qaydaları izah edilib.

Kursun ikinci günündə iştirakçılar test üsulu ilə yazılı imtahan verəcək, daha sonra AGF Kuboku uğrunda beynəlxalq turnirdə praktiki sınaqdan keçiriləcək.

Hər iki imtahanı uğurla keçən milli hakimlər yekunda III dərəcəli beynəlxalq hakim adına layiq görüləcəklər.

Xəbər 926 dəfə oxundu.