Deyan Brcoviç «Rabitə»yə baş məşqçi qayıdır - ÖZƏL
Gələn mövsüm qarşısına daha ciddi məqsədlər qoyan «Rabitə» klubu, bu niyyətlə baş məşqçi postunda dəyişiklik etməyi düşünür. Cari çempionatda italiyalı Marçello Abbondansa ilə yollarını ayıran beşqat ölkə çempionu, Avropa Çempionlar Liqasının «dördlər finalı»na yerli mütəxəssis Eldar Yusubovla yollandı.

Qadın komandaların Bakıda təşkil olunmuş ən mötəbər yarışında 3-cü yer tutan «sarı-göylər»i Superliqada növbəti çempionluqdan bir qələbə ayırır. Mövsümü uğurla bitirməsinə baxmayaraq, «Rabitə» rəhbərliyi gənc məşqçinin təcrübəsizliyindən ehtiyatlanıb, yenidən əcnəbi mütəxəssisə müraciət ediblər. Bu çalışdırıcı voleybol ictimaiyyətimizə tanışdır - Deyan Brcoviç 4 il öncə Bakı klubunda işləyib, «rabitəçilər»in ilk böyük uğurlarının memarı olub.

Əldə etdiyimiz məlumata görə, artıq serb mütəxəssislə razılığa gəlinib. O, həyat yoldaşı ilə ölkə çempionatının final mərhələsində keçmiş komandasının «Azəryol»la hər 2 matçını canlı izləyib. Çox güman, çalışdırıcı KİV-ə Superliqa bitdikdən sonra təqdim olunacaq.

Qeyd edək ki, son dövrdə əcnəbi məşqçilərdən «Rabitə»də sloveniyalı Draqutin Baltiç və serbiyalı Zoran Qayiç də işləyib.

Xəbər 1038 dəfə oxundu.