İlk dəfə Avropa çempionatında
Portuqaliyanın Palmela şəhərində səmti müəyyən etmə idman növü üzrə Avropa çempionatı yekun vurulub. İdman.com.az saytı xəbər verir ki, Avropa İşçi Qrupuna daxil olduqdan sonra, ilk dəfə Avropa çempionatına dəvət alan ölkəmizi yarışda 5 idmançı təmsil edib. Azərbaycan ilə yanaşı Avropanın 30-a yaxın ölkəsindən beynəlxalq dərəcəli idmançılar da bu yarışa qatılıb.

Öz çətinliyi və gərgin mübarizəsi ilə xüsusi diqqət çəkən Avropa çempionatda uzun və orta məsafələrdə qaçışlar və sprint yarışı keçirilib. Millimizin ilk dəfə olaraq bu cür yüksək dərəcəli yarışda iştirak etməsinə baxmayaraq, uzun məsafə üzrə baş tutmuş qaçışda milli yığmanın üzvü Müvəssil Allahverdiyev bütün nəzarət məntəqələrində qeyd olunub finişə vaxtında çatıb.

Sprint üzrə keçirilən yarış isə yığmamızın hər üzvü üçün uğurlu olmub. Belə ki, idmançılarımız “Sprint Qualification” mərhələsindən müvvəfəqiyyətlə keçib finala vəsiqə qazanıb. Aprel ayının 13-ü isə Palmela şəhərində keçirilən Sprint final yarışında idmançılar 3.0 km məsafə üzrə 26 nəzarət məntəqəsində qeyd olunaraq, finiş xəttinə vaxtından əvvəl çatmışlar. Beləliklə, yığmamızın üzvləri nəticədə 64 komanda arasında 40-cı yer tutub. Bu isə hələ gənc federasiyamız üçün böyük bir müvəfəqiyyətdir.

Avropa çempionatı çərçivəsində millimiz İsveçin peşəkar idmançıları ilə bir neçə görüş keçirib, onlarla birgə treninqlərdə iştirak ediblər. Bundan əlavə, avropalılara səmti müəyyən etmə idman növünün son 2 il ərzində Azərbaycandakı inkişafı, həyata keçirilmiş layihələr, çəkilmiş xəritələr barədə geniş məlumat verilib, onları 30 may – 1 iyunda Xaçmaz rayonunda ümummilli lider Heydər Əliyevin adına Kubok mübarizəsində iştirak etmək üçün ölkəmizə dəvət olunub.

Xəbər 2453 dəfə oxundu.