Yeniyetmə və gənc güləşçilər AGF Kuboku uğrunda yarışacaq
19-22 aprel 2014-cü il tarixdə “Bakı” Olimpiya İdman Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir keçiriləcək.

Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Belarusiya, Rusiya, Türkiyə, Qazaxstan, Özbəkistan, İran, Tacikistan, İsveçrə, Macarıstan, Latviya, Gürcüstan və Qırğızıstan güləşçiləri iştirak edəcək.

Turnirin proqramına əsasən, aprelin 19-da yunan-Roma güləşi üzrə yeniyetmələr, 20-də yunan-Roma güləşi üzrə gənclər, 21-də sərbəst güləş üzrə yeniyetmələr, aprelin 22-də isə, sərbəst güləş üzrə gənclər mübarizə aparacaq.

Turnirin rəsmi açılış mərasimi 19 aprel 2014-cü il, saat 17.00-da baş tutacaq.

Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.

Xəbər 861 dəfə oxundu.