Tural İsgəndərov: Komandaya layiq olmaq üçün çox çalışmışıq - MÜSAHİBƏ
Azərbaycanın U-23 milli komandası və “Synergy Baku” kontinental komandasının üzvü Tural İsgəndərov “Tour de Azerbaidjan” veloyürüşünün rəsmi saytına müsahibə verib. İdman.com.az saytı AVİF-in mətbuat xidmətinə istinadən həmin müsahibəni təqdim edir.

- Bu mövsüm kifayət qədər inamlı təsir bağışlayırsınız. “Synergy Baku”nun sizin çıxışlarınıza təsiri nədən ibarətdir?
- “Synergy Baku” mənim üçün böyük məktəbdir. Biz Avropa, Asiya və Okeaniyada bir neçə yürüşdə iştirak etmişik və əksər hallarda komandamızın üzvləri fəxri kürsüdə yer alıblar. Təbii ki, ətrafında güclü komanda və peşəkar idarəetmə sistemi olanda, istənilən idmançı inkişaf etməyə başlayır.

- Yürüşdən və mərhələdən asılı olaraq sizin qarşınıza qoyulan məqsədlər dəyişirmi?

- Bu sanki bir oyundur. Həmişə istənilən yarışa və mərhələyə hazır olmaq və uygunlaşmaq lazımdır. Hər şey məşqçidən asılıdır – o bizim qarşımıza müəyyən tapşırıqlar qoyur. Amma əsas məqsəd təbii ki, qələbədir.

- Daha təcrübəli komanda yoldaşlarınla münasibətlərin necədir?
- Açığını desəm, onlarla bir komandada yer almaq mənim üçün əla imkandır. Mən onlardan çox şey öyrənirəm. Komanda yoldaşlarımla bir yerdə olanda, dincələndə, bir fincan qəhvə ətrafında toplaşanda belə onlardan nə isə öyrənmək mənə çox maraqlı gəlir.

- “Tour de Azerbaidjan”veloyürüşündə iştirak etməyi planlaşdırırsınızmı?
- Biz hamınız bu yarışda iştirak etmək istərdik. Bir azərbaycanlı kimi öz vətənimi bu turda təmsil etməyi çox arzulayıram. Komandaya layiq olmaq üçün çox çalışmışıq. Bu yarışdan öncə mən Moskvada da yürüşdə iştirak etməliyəm. Azərbaycana aprelin sonralında qayıdacağam.

- Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün nələri etmək lazımdır?
- Bu cür suallara cavab verərkən həmişə səmimi olmağa çalışıram. Çünki Olimpiya Oyunlarına lisenziya qazanmaq hər hansı bir yürüşdə qalib gəlməkdən daha çətindir. Bu çoxillik karyeranın və qazanılan lisenziya xallarının sayəsində mümkün ola bilər. Hər halda, Rio-2016-ya lisenziya mənim əsas məqsədlərimdən biridir.

Xəbər 1206 dəfə oxundu.