Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş şahmat festivalı
1-5 aprel tarixlərində Yasamal rayonu ərazisində yerləşən 18 saylı tam orta məktəbdə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş şahmat festivalı keçirilib. Festivalda paytaxt rayonları da daxil olmaqla, 66 şəhər və rayondan 396 nəfər məktəbli iştirak edib. İsveçrə sistemi üzrə keçirilən yarışda hər bir komandanın tərkibi 7-14 yaş arası 3 oğlan və 3 qız olmaqla 6 nəfərdən ibarət olub. Festivalı paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülovun rəhbərliyi ilə hakimlər kollegiyası idarə edib.

Festivalda komanda hesabında birinci yerə 38,5 xalla Binəqədi rayonu, ikinciyə 37 xalla Mingəçevir şəhəri, üçüncüyə 36 xalla Ucar rayonu komandası layiq görülüblər.

Qaliblər Təhsil Nazirliyinin kubok, diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Yarış başa çatdıqdan sonra beynəlxalq qrossmeysterlər-Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli, Azər Mirzəyev və yarışın qaliblərinin iştirakı ilə seans oyunu təşkil edilib.

Xəbər 1072 dəfə oxundu.