“Mzansi Tour”da 1-ci mərhələ
Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku” Cənubi Afrika Respublikasında keçirilən “Mzansi Tour” veloyürüşündə çıxışını davam etdirir. İdman.com.az saytı xəbər verir ki, Beynəlxalq Velosipedçilər Ittifaqının 2.2 kateqoriyalı yarışının 1-ci mərhələsində iştirakçılar 140 km məsafə qət ediblər.

Heyəti Kristof Şvayzer, Yan Sokol, Metyu Bremmier, Markus Eybeger, Fil Laveri və Konnor Makkonveydən ibarət “Synergy Baku” üzvlərindən 1-ci mərhələdə ən yaxşı göstərici Yan Sokola məxsusdur – o məsafəni 3 saat, 13 dəqiqəyə başa vurmaqla 13-cü olub. Bu mərhələnin qalibi adını isə yerli “MTN - Qhubeka” komandasının üzvü Jak Van Rensburq qazanıb – 3 saat 11 dəqiqə 11 saniyə.



Ümumi sıralanmada Yan Sokol liderə 2 dəqiqə uduzmaqla 11-ci mövqedə qərarlaşır. Bu gün keçirilən 2-ci mərhələdə iştirakçılar 159 km məsafə qət edəcəklər. Yürüş aprelin 12-də başa çatacaq.

Xəbər 928 dəfə oxundu.