Komandamız Avropa çempionatının gümüş medalçısı oldu

Şahmat üzrə Azərbaycanın kişi yığma komandasının üzvləri Yunanıstanda keçirilən Avropa komanda çempionatında ikinci yerə çıxaraq gümüş medallara sahib olublar. Azərbaycan şahmatçıları sonuncu - 9-cu turda Rumıniya yığmasına 3:1 hesabı ilə qalib gəliblər.

Azərbaycan yığmasının aktivində altı qələbə, iki heç-heçə və bir məğlubiyyət vardır. Birinci yeri Almaniya yığması, üçüncü yeri isə Macarıstan şahmatçıları tutmuşlar. Azərbaycanın 14 komanda və 23 şəxsi xalı vardır. Almaniya 15 (22,5), Macarıstan 13 (23) xal toplamışlar. Sonrakı yerləri 13 (22,5) xalla Ermənistan və 13 (21,5) xalla Rusiya tutur.

Qadın komandalarının yarışında qızıl medalları 25,5 şəxsi xalla 17 komanda xalı toplamış Rusiya komandası qazanıb. Polşa komandası 14 (23) xalla ikinci yeri tutub, Gürcüstan yığması isə 14 (22,5) xalla bürünc medalların sahibi olub. Sonrakı yerlərdə 12 (21,5) xalla Ukrayna və 12 (21) xalla Fransa qərarlaşıblar.
Azərbaycanın qadın yığma komandası 20-ci yeri tutub.

AzerTAc

Xəbər 994 dəfə oxundu.