«Xəzər Lənkəran» klubunun Azərbaycan futboluna «töfhəsi»
«Harada «Xəzər Lənkəran» klubu var, orada qalmaqal var». İndi bu misal futbol icitimaiyyətində dillər əzbərinə çevrilib. Yarandığı gündən ölkə futboluna rəqabət gətirən «ağ-yaşıllıar», paralel olaraq, qalmaqal da gətirib. Cənub təmsilçimizin həzm edə bilmədiyi ilk komanda Bakı «Neftçi»si oldu. Rəqibinin keçmişindən gələn aşkar nüfuzunu qəbul etməyən «Xəzər Lənkəran», ona yaxın mətbuat vasitəsi ilə daim bayraqdarla öz arasındakı matç ətrafında süni ajiotaj yaratdı; ölkə mediasına «Böyük oyun» kimi məqsədli ifadə yeridərək, «Neftçi» - «Kəpəz», «Neftçi» - «Qarabağ» tarixi rəqabəti pərdələməyə çalışdı. Düzü, buna müəyyən dərəcədə nail oldu. Xeyli sürən bu gərginliyə ötən mövsüm, zəruriyyətdən gələn məcburiyyət son qoydu. Unibank Premyer Liqasının ilkin mərhələsində Bakıda barışmaz rəqbindən ağır zərbə alan (klub tarixində ən böyük hesablı məğlubiyyəti «Neftçi»dən alıb – 0:5) «Xəzər Lənkəran» daxilən sındı və növbəti dəfə ajiotaj yaratmaq, rəqibinə yersiz psixoloji basqı yaratmaq siyasətindən yəqin, birdəfəlik əl çəkdi.

Flaqmanla «söz müharibəsi»ni bitirməmiş «Xəzər Lənkəran» digər paytaxt klubu - «Bakı» klubuna qarşı «qara piar»a başladı. 2010-cu ildə Azərbaycan kubokunun finalında qapıçı Kamran Ağayevin səhvindən sonra «zolaqlılar» hesabı açdı. Bu qol rəqibin qalib gəlməisndə həlledici rolu oynadı. Ancaq «Xəzər Lənkəran» camiəsi yenə cığallıq edərək, görüşdən sonra «Bakı»nın vurduğu halal qolun ətrafında gərginlik yaratdı; rəqibin qələbəsinə kölgə salmaq istədi.
Atalarımız «Göz qalan yerdə xeyir-bərəkət olmaz» deyiblər. Cənub təmsilçimiz heç, ənənəsinə sadiq qalıb Avropada elə ilk mərhələdə mübarizəni dayandırdı. «Zolaqlılar»a gəlincə, Şeferin rəhbərlik etdiyi komanda Çernoqoriya klubunu Bakıda məğlub etsə də, əməkdaşlarının səhlənkarlığı sayəsində heyətində bir cəzalı legioner oynatdığına görə, UEFA tərəfindən cəzalandırıldı. «Ağ-göylər» səfərdə çox çalışdı. Amma 2:1 hesablı qələbə texniki məğlubiyyətin (0:3) qarşılığında bəs olmadı.

«Bakı»dan qurtarıb «Xəzər Lənkəran» başqa bir paytaxt klubunu - «İnter»i «qaraladı». Keçənilki ölkə çempionatında çoxdan görməyib eşitmədiyimiz hadisə baş verdi: yerli azarkeş qonaq komandanın baş məşqçisi Kaxabar Sxadadzenin başına yabançı əşya atdı. Fanatların bu hərəkəti az imiş kimi, bu mövsüm onlara klubun futbolçuları qoşuldular. 3-cü tur çərçivəsində Bakıda keçirilmiş matçın final fiti səslənən kimi, «Xəzər Lənkəran»ın futbolçuları Elnur Allahverdiyev, eləcə də Branimir Subaşiç və Sadio Tunkara «İnter»in baş məşqçisi Kaxaber Sxadadzenin oğlu Baçana Sxadadze, onun həmyerlisi İliya Kandelaki ilə əlbəyaxa oldular. Ölkə mətbuatında qalmaqala səbəb, Kandelakinin matçın sonlarında Tunkaranın ünvanına irqçi söyüşlərlə təhqir etməsi deyilir. Əks ittihamla qarşı tərəf çıxış edir və deyir onların heyətində də qara dərli futbolçu çıxış edir. Belə olan halda, onlar elə öz futbolçularını da təhqir etmiş olur. Güman ki, hadisə ilə bağlı açıqlamalar zamanı tam təfərrüatı da öyrənmək mümkün olacaq.
Bəli, yarandığı 2004-cü ildən bu yana yalnız bu yay ilk avro kubok qələbəsinə sevinmiş komanda mənfi tendesiyalarla daim idman ictimaiyyətinin və mətbuatın diqqətini özünə çəkib, qınaq obyektinə çevrilib. Ölkə futboluna qara ləkənin düşməsi də «Xəzər Lənkəran» klubu ilə əlaqədardır. Xatırlayırsınızsa, keçən mövsüm Azərbaycan futbolunda görünməmiş hadisə baş verdi: FİFA ilk dəfə Azərbaycan çempionatında çıxış edən komandanın hesabından 6 xalı sildi. Məsələ sadə idi. «Ağ-yaşılar» 2008/09 mövsümündə transfer etdiyi braziliyalı Romulu Silvanuya olan borğunu ödəməmişdi. Pulunun qaytarılmayacağını görən yarımmüdafiəçi, öz növbəsində, vəkili vasitəsilə FİFA-ya şikayət etmişdi. Ali futbol qurumu braziliyalının müraciətinə baxıb, futbolçunun borcunun ödənilməsinin vacibliyini bildirmişdi. AFFA-nın rəsmi saytı gedişatı təfsilatı ilə anlatmışdı. Belə ki, «Xəzər Lənkəran» FİFA-nın hüquq orqanının qərarının yerinə yetirilməməsində günahkar hesab olunaraq, 30 gün müddətində ali quruma 15 000 (on beş min) İsveçrə frankı cərimə ödəməli idi.
«Gəmiqayıranlar» bu qərar çıxdıqdan sonra 09.02.2012-ci il tarixində futbolçunun əsas borcunu və FİFA-ya ödəniləcək cərimələri versə də, borc gec ödənildiyi üçün, 7573 (yeddi min beş yüz yetmiş üç) ABŞ dolları məbləğində hesablanan faiz məbləği ödənilməmiş qalmışdı. Belədə, FİFA-nın Nizam-İntizam Komitəsi 29.03.2012-ci il tarixdə AFFA-ya müraciət edərək, klubdan 6 (altı) xalın çıxılmasını və bu barədə FİFA-ya müvafiq sübutun göndərilməsini tələb etmişdi.
Düzdür, sonradan «Xəzər Lənkəran» vəziyyətdən çıxış yolu tapdı. Hətta ali qurum «ağ-yaşıllar»dan üzr istədi. Amma futbolumuza düşən qara ləkəni silmək olmadı.

Komanda bu siyasətini dəyişməsə, güman ki, onlara olan antipatiya daha artacaq. İfrat azarkeş çılğınlığına rəğmən, komandanın düzgün qurmadığı strategiya yeknəsəqlikdən başqa bir şey deyil. Halbuki, «Xəzər Lənkəran» yaradılanda tezliklə Avropa səviyyəli klub olacağı deyilmişdi. Amma Cənub klubu nəinki irəli gedir, heç özu hansı yolu tutduğunu, nə istədiyini bilmir. Bəlkə də bilir. Bilirsə, bu, üzdə görüntü, arxada isə qaranlıq pərdəsi ilə örtülmüş siyasətdir. Gələcək yazılarımızda bu klubun azarkeş mədəniyyətindən söz açacağıq və aktual bir məsələyə – ümumiyyətlə, «Xəzər Lənkəran»ın Azərbaycan futboluna lazım olub olmamasına, fayda verib verməməsinə toxunacağıq.

Xəbər 3762 dəfə oxundu.