“Tour d’Azerbaidjan-2014”-ün təşkilat komitəsinin iclası keçirilib
«» Aprelin 4-də “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun təşkilat komitəsinin iclası keçirilib. İdman.com.az saytı xəbər verir ki, toplantıda Azərbaycan Velosiped İdmanı Federasiyasının rəhbərliyi, Nəqliyyat, Səhiyyə, Rabitə və Yüksək Texnologiyalar, Gənclər və İdman, Daxili İşlər Nazirliklərinin, Bakı şəhər Baş Polis, Dövlət Yol Polisi, “İçərişəhər” Dövlət tarixi-memarlıq qoruğu İdarələrinin, “Azəryolservis” ASC-nin, Bakı Sərnişin Nəqliyyat MMC-nin nümayəndələri, Bakı şəhərinin rayonlarının, Abşeron rayonunun, Sumqayıt şəhər İcra Hakimiyyətlərinin məsul vəzifəli şəxsləri iştirak ediblər.

Yığıncağı giriş sözü ilə açan AVİF-in vitse-prezidenti və turun təşkilat komitəsinin sədri Sahib Ələkbərov “Tour d’Azerbaidjan-2014” beynəlxalq velosiped turu barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 91 illik yubileyinə həsr olunan «Tour de Azerbaidjan-2014» Beynəlxalq velosiped turu Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil olunur. Mayın 7-də start götürəcək «Tour de Azerbaidjan-2014» beynəlxalq velosiped turu 5 mərhələdə keçiriləcək. Bakı şəhərindən start götürən ilk mərhələ Sumqayıt şəhərində başa çatacaq, sonrakı mərhələdə isə Bakı şəhərini və 8 rayonu əhatə edəcək. 5 mərhələnin marşrutlarının ümumi uzunluğu 840 km-ə yaxındır.

O da qeyd olunub ki, ötən il keçirilmiş "Tour de Azerbaidjan" yarışının yüksək səviyyədə təşkil olunduğunu nəzərə alan Beynəlxalq Velosipedçilər İttifaqı bu il yarışın statusunu bir qədər də yüksəldib. Cari ildə yarış 2.1 kateqoriyasında keçiriləcək. Əgər əvvəllər veloturda əsasən kontinental və yığma komandalar iştirak edirdisə, 2.1 formatında təşkil ediləcək yarışda pro-kontinental, kontinental və milli yığma komandalar mübarizə aparacaqlar.

Veloturda 22 ölkədən, o cümlədən Azərbaycan, ABŞ, İtaliya, Almaniya, Türkiyə, Rusiya, Avstriya, Hollandiya, Belçika, Çin, Danimarka, Avstraliya, Latviya, Ukrayna, Belarus, Qazaxıstan və digər xarici ölkələrdən 500 nəfərdən çox iştirakçının iştirakı gözlənilir. Yarışda “Synergy Baku Cycling Project” daxil olmaqla 25 komanda iştirak edəcək. Komandalar arasında 8 profesional kontinental komanda, 16 kontinental komanda və bir milli komanda var.

İclasda veloturun təşkilat komitəsinin üzvü, Almaniyanın “Freunde Eventagentur GMBH” şirkətinin rəhbəri Albrext Röder çıxış edərək turun marşrutları və texniki məsələləri barədə müfəssəl məlumat verib. Sonra “Tour de Azerbaidjan” beynəlxalq velosiped turunun təşkilatı işləri barədə müvafiq dövlət qurumlarının və yerli icra orqanlarının məsul nümayəndələri ilə fikir mübadiləsi aparılmış, işlərin daha yüksək səviyyədə təşkili istiqamətində tədbirlər müzakirə edilib və müvafiq tapşırıqlar verilib.

Qeyd etmək lazımdır ki, "Tour de Azerbaidjan-2014" velosiped turunun bütün mərhələlərinin yerli və xarici kütləvi informasiya vasitələrində, o cümlədən “Eurosport” televiziya kanalı vasitəsilə geniş işıqlandırılması nəzərdə tutulur. “Eurosport” televiziya kanalı hər mərhələdən sonra efirdə tur barədə yarım saatlıq proqram hazırlayacaq, son mərhələdən isə 1.5 saatlıq yayımla dünya ölkələrinə birbaşa yayımlanacaq.

Xəbər 1009 dəfə oxundu.