Bolqarıstanda medal qoymadılar
Bolqarıstanın Plovdiv şəhərində güləş üzrə Petko Sirakov və İvan İliyevin xatirəsinə 17-ci beynəlxalq turnir keçirilib. Turnirdə sərbəst, yunan-Roma və qadın güləşi üzrə gənclərdən ibarət yığma komandalarımız da iştirak edib.

Turnirin ilk günündə güləşçilərimiz 2 qızıl və 3 gümüş medala sahib olub.

Gənc qızların yarışında Solmaz Həşimzadə (55 kq) bütün rəqibləridən üstün olub və turnirin qızıl medalını qazanıb. Türkan Nəsirova (44 kq) isə gümüş medalla kifayətlənib.

Yunan-Roma güləşçilərimiz də turnirin ilk günündə inamlı təsir bağışlayıb. Ən ağır çəkidə təmsilçimiz Hacımurad Çöpsiyev (120 kq) bütün rəqiblərini məğlub edərək qızıl medala, Orxan Məmmədli isə (66 kq) final görüşünü uduzaraq gümüş medala sahib olub.

Sərbəst güləşçilərin mübarizəsində Səid Həmidov (96 kq) yalnız finalda uduzaraq gümüş medala yiyələnib.

Petko Sirakov və İvan İliyevin xatirəsinə həsr olunmuş turnirin ikinci günü güləşçilərimiz ümumilikdə 3 qızıl və 4 bürünc medala sahib olublar.

Gənc qızların mübarizəsində Raqnetta Qurbanzadə (67 kq) və Şəfəq Muradzadə (48 kq) bütün rəqiblərindən üstün olub, yığmamıza qızıl medal qazandırıblar.

Yunan-Roma güləşi üzrə yarışlarda Kərim Cəfərov (60 kq) və Hacımurad Bağmanov (74 kq) bürünc medal əldə edib.

Sərbəst güləşçilərimizdən Nurməhəmməd Hacıyev (84kq) qızıl medal qazansa da, Mircəlal Həsənzadə (55kq) və Abdulmuslim Muxuddinov (66kq) bürünc medalla kifayətlənib.

Turnirin son günündə güləşçilərimiz 1 qızıl, 1 gümüş və 6 bürünc medala yiyələnib.

Gənc qızların yarışında Elmir Qəmbərova (63 kq) fəxri kürsünün üçüncü pilləsində yer alıb və bürünc medala sahib olub.

Yunan-Roma güləşi yarışlarında Murad Məmmədov (55 kq) bütün rəqiblərini üstələyərək qızıl medal əldə edib. Orxan Nuriyev (96 kq) yalnız finalda görüşündə uduzub və gümüş medalla kifayətlənib. İslam Abbasov (84 kq) və Türmən Eyyubov isə bürünc medal qazanıb.

Sərbəst güləşçilərimiz isə turnirin son günündə 3 bürünc medal qazanıb. Arif Hüseynov (50 kq), Cahid Həsənzadə və Vurğun Əliyev (hər ikisi 60 kq) fərqlənib.

Beləliklə, güləşçilərimiz üç gün davam edən turniri 6 qızıl, 4 gümüş və 10 bürünc medalla tamamlayıb. Onlardan 3 qızıl, 1 gümüş və 1 bürünc medal gənc qızların, 2 qızıl, 2 gümüş və 4 bürünc medal isə yunan-Roma güləşçilərinin payına düşür. Sərbəst güləşçilər isə 1 qızıl, 1 gümüş və 5 bürünc medal qazanıb.


Xəbər 805 dəfə oxundu.