Böyükağa Hacıyev: 99-cu oyunda 50-ci qələbə
Topaz Premyer Liqasının 26-cı turunun AZAL-la oyunu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev üçün əlamətdar olub.

İdman.com.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, “ağ-qaralar” 2:1 hesabı ilə qalib gəlməklə 56 yaşlı mütəxəssisin rəhbərliyi altında 50-ci uğurunu əldə edib.

2011/12 mövsümünün startında Çempionlar Liqasındakı uğursuzluqdan sonra Arif Əsədovu əvəzləyən və 2 il sonra eyni yarışdakı məğlubiyyətdən sonra postunu tərk edən Hacıyev bu ilin əvvəlində yenidən komandanın sükanı arxasına keçib.

Hacıyevli “Neftçi”nin 50-ci qələbəsi 99-cu matçına təsadüf edib. Azərbaycan kubokunun 1/4 final mərhələsinin “İnter”lə cavab oyunu təcrübəli mütəxəssisin “ağ-qaralar”ın baş məşqçisi kimi 100-cü matçı olacaq.

Xəbər 821 dəfə oxundu.