Uşaq və yeniyetmələr arasında futbol turniri başlayır
Binəqədi Rayon İcra Hakimiyyəti və rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə “Vətən” respublika ixtisaslaşdırılmış Olimpiya ehtiyatları uşaq gənclər futbol məktəbində “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın icrası və 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə uşaq və yeniyetmələr arasında futbol turnirinin açılış mərasimi olmuşdur.

Tədbirdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov dünyada sevilən idman növlərindən biri olan futbolun inkişafına dövlət tərəfindən böyük diqqət ayrıldığını bildirmişdir. Qeyd etmişdir ki, son illərdə ölkəmizdə bu sahədə bir sıra tədbirlər həyata keçirilmişdir. “2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın qəbulu futbolun yüksəlişinə ciddi təkan vermişdir. Paytaxtla yanaşı, bölgələrdə də futbolun inkişafına xidmət edən yüzlərlə futbol meydançaları tikilərək və ya təmir edilərək əhalinin istifadəsinə verilmişdir.

Diqqətə çatdırılmışdır ki, uşaq və yeniyetmələr arasında futbol turnirinin keçirilməsi potensialı olanları aşkarlamaq və uşaq futbolunu inkişaf etdirməklə yanaşı, onların zərərli vərdişlərdən çəkinməsi, asudə vaxtlarının səmərəli təşkil olunması baxımından böyük əhəmiyyət kəsb edir.

Mərasimdə Binəqədi Rayon İcra Hakimiyyətinin məsul işçisi Elçin Məmmədov və “Vətən” respublika ixtisaslaşdırılmış Olimpiya ehtiyatları uşaq gənclər futbol məktəbinin direktoru Mustafa Həsənov çıxış edərək ölkəmizdə yeniyetmə və gənclər arasında futbola olan maraqdan danışmışlar.

Martın 8-dək davam edəcək turnirdə 8 komandanın tərkibində 120 yeniyetmə qalib adı uğrunda mübarizə aparacaqdır. Turnirin yekununda qaliblər kubok, diplom və xatirə hədiyyələri ilə mükafatlandırılacaqlar.

Xəbər 1010 dəfə oxundu.