Flavinyo "Neftçi"nin tarixinə düşdü
“Neftçi” klubunun futbolçusu Flavinyonun komandanın heyətində keçirdiyi oyunların sayı 100-ə çatıb.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu nəticə ilə braziliyalı yarımmüdafiəçi “Neftçi”də 100 matç keçirən ilk legioner kimi tarixə düşüb.

Daha iki oyunda meydana çıxacağı təqdirdə Flavinyo Azərbaycan çempionatları tarixində bir komandanın heyətində ən çox oyun keçirmiş legioner kimi rekorda imza atacaq. Futbolçu bununla bağlı fikirlərini klubun rəsmi saytına bildirib:

“Belə bir rekordun sahibi olmaq əlbəttə ki, çox xoşdur. Sevinirəm ki, “Neftçi” kimi bir komandanın tarixinə düşmüşəm. “Neftçi”də 4-cü mövsümdür ki, çıxış edirəm və bu vaxta kimi 3 çempionluq, 1 dəfə ölkə kubokunu və ən əsası Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışıq. Bu uğurlarda pay sahibi olmaq qürurvericidir. İnanıram ki, bu nailiyyətlərin davamı gələcək”.

Xəbər 857 dəfə oxundu.