Bakıda MDB və Baltikyanı ölkələrin milli olimpiya komitələri rəhbərlərinin regional forumu keçirilib
Oktyabrın 20-21-də Bakıda «Badamdar» Kempinski otellər kompleksinin akt zalında Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya Həmrəyliyi Təşkilatının dəstəyilə MDB və Baltikyanı ölkələrin milli olimpiya komitələri rəhbərlərinin regional forumu keçirilib.
Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə MOK-un prezidenti, Azərbaycan dövlətinin başçısı İlham Əliyevin adından tədbir iştirakçılarını təbrik edərək forumun işinə uğurlar arzuladı.
Forum iştirakçılarını salamlayan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov dedi: “Ölkədə yaxşı maddi-idman bazanın olması idmançılarımızın hazırlığına və beynəlxalq yarışlarda müvəffəqiyyətlə çıxış etmələrinə nəzərə çarpacaq təsir göstərir. İdmançılarımızın beynəlxalq yarışlarda qazandıqları medalların sayı və keyfiyyəti ilbəil artır”.
Nazir Azərbaycan idmançılarının uğurlarında böyük dinamika olduğunu vurğulayaraq qeyd etdi ki, əgər 2005-ci ildə idmançılarımız idmanın olimpiya və qeyri-olimpiya növləri üzrə 200-dən çox medal qazanmışdılarsa, 2010-cu ildə bu rəqəm 675-ə çatıb ki, onların 206-sı olimpiya idmanı növlərində əldə edilib. Bu da Azərbaycan idmançılarının böyük uğurundan xəbər verir. Qarşıdakı London Olimpiya oyunlarına artıq 24 lisenziyası qazanılıb.
MDB və Baltikyanı ölkələrin komandalarının təlim-məşq toplanışlarının Azərbaycanda keçirilməsini təklif edən nazir qeyd etdi ki, bunun üçün ölkəmizdə əlverişli iqlim şəraiti vardır.
İki gün davam edən forumda Olimpiya komitələrinin başçıları əməkdaşlığın perspektivlərini müzakirə edib, MOK-ların iş təcrübələri barədə fikir mübadiləsi aparıblar. 2014-cü ildə Soçidə keçiriləcək Qış Olimpiya oyunlarına hazırlığın gedişi haqqında Təşkilat Komitəsi nümayəndəsi Aleksandra Savinanın məruzəsi dinlənilib.
Forumda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib. O, forum iştirakçılarına Azərbaycanda idmanın və olimpiya hərəkatının inkişafı, bu sahələrə dövlət səviyyəsində göstərilən diqqət və qayğı, idmanımızın maddi-texniki bazasının möhkəmləndirilməsi, atletlərimizin Olimpiya oyunları və müxtəlif səviyyəli yarışlarda qazandıqları uğurlar barədə məlumat verib. O, postsovet dövründə müttəfiq respublikalarda idmana və idmançılara göstərilən münasibətdən danışaraq qeyd edib ki, bu sahədə mərkəzdə birtərəfli inkişaf meyyəlləri olmuş və ölkəmizin idmançıları da bu cəhətdən müəyyən çətinliklərlə üzləşmişlər. Ümummilli lider Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən bu məsələ ilə maraqlanmış Azərbaycan idmançılarına mərkəzdə olan münasibət onu qane etməmiş, ölkəmizin qədim tarixi köklərə söykənən idman ənənələrinin və bu gün də potensial imkanlara və gücə malik olan idmançılarımızın olduğunu bildirmişdir. Ümummilli lider Azərbaycana yenidən rəhbərliyə qayıtdıqdan sonra həyata keçirdiyi taleyüklü çoxsaylı tədbirlərdən biri də məhz idmanla bağlı olmuş və ölkəmizin idman mütəxəssisləri, idmançıları ilə görüşündə Azərbaycanda idmana və idmançılara qayğını öz üzərinə götürdüyünü demişdir.
Azərbaycanda idman və olimpiya hərəkatının çox böyük sürətlə inkişaf etdiyini qeyd edən Ç.Hüseynzadə bildirib ki, 1997-ci ildə İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra ölkədə idmanın əsl intibah dövrü başlayıb. Dövlətimizin başçısı bu gün də idmana və idmançılara qayğını daim diqqət mərkəzində saxlayır, bu sahədə ardıcıl məqsədyönlü tədbirlər həyata keçirilir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevirilib.
MDB və Baltikyanı ölkələrin milli olimpiya komitələri rəhbərlərinin iştirakı ilə keçirilən forumda digər məruzələr də dinlənilib və bu məruzələr ətrafında müzakirələr və fikir mübadiləsi aparılıb.

Xəbər 1776 dəfə oxundu.