Yeniyetmə və gənclərin Azərbaycan çempionatı keçiriləcək
Martın 3-dən 7-dək “Sərhədçi” İdman Olimpiya Mərkəzində yeniyetmə və gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək.

Yarışın keçirilməsində əsas məqsəd ölkə ərazisində güləş idman növünün təbliği və inkişafına nail olmaq, respublikada fəaliyyət göstərən idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək və müvafiq yaş qrupu üzrə mükafata layiq yerlər tutmuş idmançıları yığma komandalara cəlb etməkdir.

Çempionat FİLA-nın mövcud qaydalarına əsasən təşkil olunacaq və şəxsi xarakter daşıyacaq. Yeniyetmələrin mübarizəsində ötən ay keçirilmiş zonaların seçim yarışlarında lisenziya qazanmış 1997-1999-cu il təvəllüdlü, gənclərin mübarizəsində isə, klub və cəmiyyətlərin yığma komandalarının üzvü olan 1994-1996-cı il təvəllüdlü idmançılar iştirak edəcək.

Yarışlar hər gün səhər saat 10:00-da başlanacaq. Təntənəli açılış marasimi martın 3-ü, saat 17:00-da baş tutacaq. Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, AGF tərəfindən pul mükafatı ilə də təltif olunacaq və yığma komandanın heyətinə cəlb olunacaq.

Turnirin proqramına əsasən, martın 3-5-də yeniyetmə, martın 6-7-də isə gənc güləşçilər arasında ən güclülər müəyyənləşəcək.

Xəbər 1128 dəfə oxundu.