“Qəbələ” CNN-nin diqqət mərkəzində

Amerikanın məşhur telekanalının Azərbaycan haqqında hazırladığı “Eye On Azerbaijan“ proqramının idman bölümü “Qəbələ” klubuna həsr olunub.
İdman.com.az saytı xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəvətilə Amerikanın “CNN International” telekanalının əməkdaşları ölkəmizə gəliblər. Dünyanın 200-dən artıq dövlətində verilişlərini yayınlayan telekanalın işçi qrupunun səfərində məqsəd ölkəmiz haqqında “Eye On Azerbaijan“ (Azərbaycana baxış) adlı silsilə proqram hazırlamaqdır. CNN-nin xüsusi layihəsi olan bu proqram, adətən, hər dəfə bir ölkəyə həsr edilərək, həmin ölkənin mədəniyyəti, tarixi, incəsənəti və idmanı haqqında dünya tamaşaçılarına maraqlı məlumat verir. CNN bu dəfə Azərbaycanı seçib.
Sevindirici haldır ki, “Eye On Azerbaijan“ proqramının idman bölümündə “Qəbələ” Futbol Klubu haqqında danışılacaq. Bu məqsədlə oktyabrın 16-da Qəbələdə olan məşhur telekanalın çəkiliş qrupunun üzvləri komandamızın baş məşqçisi Toni Adamsla görüşüb, ondan müsahibə alıblar. Daha sonra qonaqlar “Qəbələ” – “Kəpəz” matçını izləyiblər. CNN əməkdaşları həmçinin Qəbələ stadionunda, komandamızın bazasında olub, süjetlər hazırlayıblar.

Xəbər 999 dəfə oxundu.