Azərbaycan millisi dünyanın ən gənc komandasıdır

Boks üzrə milli komandamız Bakıda keçirilmiş dünya çempionatında ən gənc kollektiv olub. AİBA-nın rəsmi saytının verdiyi məlumata görə, yığmamızın orta yaş həddi 20,4 idi: “Meydan sahibləri 16-cü dünya çempionatında ən gənc komanda olsalar da, onlar 1 qızıl, 1 gümüş medal və daha 2 lisenziya qazana bildilər. Bu boksçular WSB liqasından London Olimpiadasına vəsiqə qazanmış Soltan Migitinova qoşuldular. Ankarada Avropa çempionu olan Salman Əlizadə, Teymur Məmmədovla yanaşı Elvin İsayevin də hələ 19 yaşı tamam olmayıb. Azərbaycan komandası London Olimpiadasına kimi təcrübəsini artıraraq, planetin ən böyük yarışında uğurla çıxış etməyə çalışacaq”. Dünya çempionatında çıxış edən 2-ci ən gənc komanda Dominikan Respublikası idi – 20,6 yaş. Dominikan yığması Azərbaycan paytaxtına 5 gənc boksçu göndərsə də, onlar Olimpiadaya lisenziya qazana bilmədilər.

Boks üzrə Meksika millisinin əsasını həmişə gənclər təşkil edir. Onların dünya çempionatında orta yaş həddi 20, 7 idi. Ancaq meksikalılar Bakıda lisenziyaya həsrət qaldılar. Oskar Valdes və Oskar Molinalı Meksika komandası oktyabrın 21-də Qvadalaxara şəhərində təşkil olunacaq Pan Amerika oyunlarında uğur qazanmağa çalışacaq. Dünya çempionatının digər gənc komandaları bunlar idi: Türkmənistan - 21,1, ABŞ - 21,3 Kuba - 21, 7, Özbəkistan - 21, 8, Polşa - 22,0, Qırğızıstan - 22, 2.

İstedadlı gənclərdən təşkil olunmuş Kuba yığması Londonda öz sözünü deməyə çalışacaq.
Tailand millisinin dünya çempionatlarında ən yaşlı komanda olması artıq ənənəyə çevrilib. Bu komandanın Bakıda orta yaş həddi 26,4 olsa da, onlar təcrübələri hesabına ciddi uğur qazana bilmədilər. Cənubi-Şərqi Asiyalılar 3 lisenziyaya sahib olsalar da, medalsız qaldılar. Qeyd edək ki, Tailand boksçuları 1996-cı ildən bu yana bütün Olimpiadalarda medal əldə edirlər. .
Dünya çempionatındakı digər təcrübəli komandalar: Kolumbiya - 26,1, İtaliya – 25,7, Rusiya - 25,3, Kanada – 25,2, Çın - 25,1, Mərakeş – 25,0.

Bakıda ümumilikdə, boksçuların orta yaş həddi 23,55 idi. Qızıl medalçıların orta yaş həddi isə 23,9. Milandakı dünya çempionatı (24,2) ilə müqayisədə qaliblər bir qədər cavanlaşıblar.

Xəbər 1203 dəfə oxundu.