Manuel Pelleqrini açıqlama verdi
"Mançester Siti"nin baş məşqçisi Manuel Pelleqrini Çempionlar Liqasının 1/8 finalında "Barselona" ilə ilk oyundan (0:2) sonra açıqlama verib.

Təcrübəli mütəxəssis oyunun baş hakimi Erikssonun verdiyi qərarlara narazılığını bildirib.

O deyib ki, yanlış qərarlar oyunda yekun nəticəyə təsir edib: "Matç ərzində tərəfsiz olan bir hakim yox idi. S.Busqets X.Navasa qarşı qaydanı pozmuşdu və hakim bu epizoddan 3 metr uzaqda olsa belə, heç nə etmədi. Demiçelisin qaydanı pozduğu epizodda isə penalti yox idi".

Pelleqrini bu cür hakim xətalarının olduğu qarşılaşmada "Barselona" kimi bir komandanı məğlub etməyin çox çətin olduğunu bildirib. Növbəti mərhələyə çıxma şanslarını da dəyərləndirən çilili baş məşqçi deyib: "Əlimizdən gələni edəcəyik. Səfərdə oynayacağıq. Evimizdə məğlub olduqdan sonra "Bavariya"ya ikinci qarşılaşmada qalib gələ bilmişdik. İkinci qol işlərimizi çətinləşdirsə də, ümidimizi itirməmişik".

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu martın 12-də "Nou Kamp"da keçiriləcək.

Xəbər 784 dəfə oxundu.