Balakəndə “Cəsurlar” hərbi-idman və turizm oyunu üzrə rayon birinciliyi keçirilib
Balakən rayonunun Sarıbulaq kənd tam orta məktəbin idman meydançasında “Cəsurlar” hərbi-idman və turizm oyununun rayon turu keçirilmişdir.

Gənclər və İdman, Təhsil, Müdafiə nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən bu yarışlar yeniyetmə və gənclərin hərbi vətənpərvərlik işini daha da gücləndirmək, məktəb şagirdlərini ordu sıralarına hərbi xidmətə hazırlamaq məqsədi daşıyır.

Yarışların ilkin mərhələsində rayonun bütün ümumtəhsil məktəblərinin komandaları iştirak etmişlər. İlkin mərhələdə fərqlənən ən yaxşı 8 komanda rayon turunun final mərhələsində iştirak etmişdir. 7-8-ci sinif şagirdlərindən təşkil olunan komandalar sıra hazırlığı, maneələri dəfetmə, hədəfə qumbara atma, yaralının “döyüş meydanı”ndan çıxarılması, turist çadırının qurulması və digər yarışlarda qüvvələrini sınamışlar. Rayon birinciliyinin qalibi olmuş Poşbinə kənd məktəbinin komandası, martın əvvəllərində keçiriləcək zona yarışlarına vəsiqə qazanmışdır. Sonrakı yerləri Gərəkli və Sarıbulaq kənd məktəblərinin komandaları tutmuşlar.

Xəbər 1015 dəfə oxundu.