Buzadırmanma üzrə açıq Azərbaycan çempionatının qalibləri müəyyənləşib
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) birgə təşkilatçılığı ilə Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə keçirilmiş buzadırmanma üzrə açıq Azərbaycan çempionatının qalibləri müəyyənləşmişdir.

İdman.com.az saytı AzərTAca istinadən xəbər verir ki, çempionatda FAİREX-in nəzdində fəaliyyət göstərən “Climb-club”, “Rock stone”, “EXTRALİFE”, Azərbaycan Turizm İnstitutunun “AMEAST”, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Gənclik” komandaları, Milli Aviasiya Akademiyasının, Azərbaycan Dövlət İqtisad və Qərb universitetlərinin idman klubları, eləcə də Qusarın “Salavat”, “Qusar” və “Zirvə”, Qaxın “Extremal” komandalarını təmsil edən idmançılar mübarizə aparmışlar. Ümumilikdə yarışa 12 klubdan 50-dək idmançı qatılmışdır. Bu idmançılardan 16-sı təsnifat yarışlarını uğurla keçərək final mərhələsinə vəsiqə qazanmışlar.
Şaxtalı hava şəraitinə baxmayaraq, idmançılar yüksək iradə və ustalıq nümayiş etdirmişlər. Gərgin mübarizədən sonra iki mərhələdə - çətinlik və sürət mərhələlərində qaliblər müəyyənləşmişdir.

Çətinlik mərhələsində oğlanlar arasında I yeri Ramel Rəhimxanov, II yeri Ramay Rəhimxanov, III yeri isə Babək İbadov tutmuşlar. Qızlar arasında isə qalib adını Leyla Əliyeva qazanmışdır. Gülnar Pirəliyeva II , Könül Hüseynova isə III yerə çıxmışlar.

Sürət mərhələsində oğlanlar arasında I yerdə Qalib Şıxrəhimov, II yerdə Ramel Rəhimxanov, III yerdə isə Ramay Rəhimxanov qərarlaşmışlar. Qızlar arasında Leyla Əliyeva bu dəfə də birinci pilləyə yüksəlmişdir. Gülnar Pirəliyev II, Reyhan Məmmədova isə III yeri tutmuşlar.

Yarışın qalibləri FAİREX tərəfindən mükafatlandırılmışlar. Həmçinin final mərhələsinin iştirakçıları eyni zamanda 28 fevral - 2 mart tarixində Rusiya Federasiyasının Ufa şəhərindən keçiriləcək dünya kuboku uğrunda yarışlara vəsiqə əldə etmişlər.

Xəbər 726 dəfə oxundu.