Avstraliyada uğurlu gün
Avstraliyada 16 komandanın iştirakı ilə təşkil olunmuş 2.1 kateqoriyalı “Herald Sun Tour” yarışında 156 km-dən ibarət 3-cü mərhələ başa çatıb. İdman.com.az saytı xəbər verir ki, yarışın bu bölümü bizim üçün kifayət qədər uğurlu alınıb – belə ki, “Synergy Baku”nun 5 üzvü finiş xəttini liderlər qrupunda başa vurub.

Pelotonun ön sıralarında gedən almaniyalı Daniel Klemme və Kristof Şvayzer, Azərbaycanın U-23 və Elite yığma komandalarının üzvləri Tural İsgəndərovla Elçin Əsədov və avstraliyalı Patrik Leyn finiş xəttini eyni anda – 3 saat, 47 dəqiqə, 9 saniyəyə başa vurublar. Yalnız fotofinişə əsasən Daniel Klemme komanda yoldaşlarını bir neçə mikrosaniyə qabaqlayıb və bu mərhələnin 5-cisi olub.

Yeri gəlmişkən, mərhələ qalibi olan Avstraliyanın 23 yaşadək velosipedçilərdən ibarət yığma komandasının üzvü Robert Con Makkarti də Klemme ilə eyni nəticəyə imza atıb və fotofinişin yekunlarına əsasən 1-ci yeri tutub. Ümumi sıralanmada təmsilçilərimizdən ən yüksək göstərici hələ ki Patrik Leynə məxsusdur – o liderdən 1 dəqiqə, 32 saniyə geri qalmaqla 23-cü pillədədir.

Yarışın 3-cü mərhələsi həm də Daniel Klemmenin sprinterlər arasında 2 xal qazanması və ilk 5-liyə daxil olması ilə də yadda qalıb. Sabah keçiriləcək sonuncu, 4-cü mərhələdə iştirakçılar 125 km məsafə qət edəcəklər.

Xəbər 933 dəfə oxundu.