"Qalatasaray" Droqbaya əvəzləyici tapdı
"Qalatasaray" klubu mövsümün sonunda komandadan ayrılacağı gözlənilən Didye Droqbaya əvəzləyici tapıb.

"Cim Bom" rəhbərliyi Droqbanı komandada saxlaya bilməyəcəyi təqdirdə "Mançester Siti"nin forvardı Edin Dzekoya "elçi" düşəcək.

İstanbul təmsilçisi bosniyalı futbolçunun transferi üçün 13 milyon avrosundan keçməyə hazırdır. Lakin "Mançester Siti" tərəfi 27 yaşlı futbolçunu 17 milyon avro təzminat müqabilində "Qalatasaray"a satacağını açıqlayıb. Son Türkiyə çempionunun bu məbləği ödəyib-ödəməyəcəyinə mövsümün sonunda aydınlıq gələcək.

Qeyd edək ki, komandasıyla 2015-ci ilə qədər müqaviləsi olan Dzekonu İtaliyanın "Roma" klubu da transfer etmək istəyir.

Xəbər 813 dəfə oxundu.