Əjdər Cəfərov: «Ötən aylar ərzində güləşçilərimiz böyük nailiyyətlər əldə ediblər»
Azərbaycanda ən sevilən və populyar idman növlərindən olan güləş üzrə son illər böyük uğurlar əldə edilib. Son Yay Olimpiya Oyunlarında (Pekin-2008) əldə etdiyimiz 7 medalın 4-ü məhz güləş idman növündə qazanılıb. Bu idman növü üzrə yığmamız, artıq dünyanın ən güclü komandalarından biri kimi diqqəti cəlb edir. Bu yaxınlarda İstanbulda London Olimpiadasına lisenziya verən dünya çempionatında güləş yığmamız 8 (2 qızıl, 1 gümüş və 5 bürünc medal) medal və 7 lisenziya qazanıb.
Azərbaycan Güləş Federasiyası (AGF) ölkəmizdə qədim ənənələri olan güləşin inkişafı istiqamətində böyük işlər görür. Federasiya rəhbərliyi, paytaxtla yanaşı, bölgələrdə güləşin kütləviliyinin təmin edilməsi, idmanın maddi-texniki bazasının yaradılması istiqamətində bir sıra tədbirlər həyata keçirir.
AGF-də aparılan kadr islahatları da ölkəmizdə güləşin inkişafına zəmin yaradır. Federasiyanın rəhbərliyində təcrübəli mütəxəssislər yer alır. AGF-in Hakimlər Kollegiyasının sədri Əjdər Cəfərov bu yaxınlarda federasiyanın baş katibi vəzifəsinə təyin olunub. Yeni baş katiblə söhbətimizin mövzusu ötən aylar ərzində güləşin inkişafı istiqamətində görülən işlər barədə oldu.


- Güləşçilərimizin bu ilin doqquz ayı ərzindəki çıxışlarını necə qiymətləndirirsiniz?

- Həm böyük yaşlı, həm də yeniyetmə güləşçilərimiz bu ilə uğurla başladılar. Mart ayında Mahaçqalada sərbəst güləş üzrə keçirilən Dünya kubokunda komandamız üçüncü yeri tutdu. Aprel ayında Almaniyanın Dortmund şəhərində keçirilən Avropa çempionatında komandamız 6 qızıl və 8 bürünc medal əldə etdi. Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş 34 ölkədən 400-ə dək idmançının çıxış etdiyi turnirdə «Qızıl-Qran Pri» turnirində komandamız 9 qızıl, 6 gümüş və 11 bürünc medala sahib çıxdı.
İyul ayında Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən dünya birinciliyində yunan-Roma güləşi üzrə təmsilçimiz Vilayət Qəhrəmanlı (50 kq) və sərbəst güləşçimiz Toğrul Əsgərov (60 kq) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşdılar. Sərbəst güləşçilərimizdən İbrahim Yusubov (74 kq) və Aslanbek Alborov (96 kq) və yunan-Roma güləşçilərimiz Eldəniz Əzizli (55 kq) və Rəsul Çunayev (66 kq) bürünc medala sahib çıxdılar. Varşavada yeniyetmələr arasında keçirilən Avropa birinciliyində hər üç növ üzrə güləş yığmamız uğurlu çıxış edərək, güclü olduqlarını bir daha sübut etdilər. Qitə birinciliyində komandamız 18 (7 qızıl, 4 gümüş və 7 bürünc) medal qazandı. Bu yaxınlarda güləşçilərimiz İstanbulda dünya çempionatında iştirak etdilər. Ötənlilki dünya çempionatı ilə müqayisədə bu yarışların səviyyəsi çox yüksək idi. Bütün ölkələr çalışırdılar ki, maksimum təmsil olunsunlar və lisenziya qazansınlar. Sərbəst güləşçilərimiz 1 qızıl, 2 bürünc qazandılar. Yunan-Roma güləşçilərimiz 1 qızıl medalla 5-ci yerlə kifayətləndilər. Düzdür, biz yunan-Roma güləşçilərimizdən daha böyük nəticələr gözləyirdik. Həsən Əliyev, Rafiq Hüseynov, Vitali Rəhimov kimi idmançılarımız nəticə verə bilmədilər. Bu məğlubiyyət onların psixoloji durumu ilə bağlı idi. Federasiya tərəfindən onlar üçün hər bir şərait yaradılmışdı. Qadın güləşçilərimiz 1 gümüş, 2 bürünc medal qazandılar.
Ümumilikdə komandamız 8 medal və London-2012-yə 7 lisenziya qazandı.
Ötən 9 ay ərzində güləşçilərimiz böyük nailiyyətlər əldə ediblər.

- Yeniyetmə güləşçilərimiz Avropa və dünya birinciliyində yüksək nailiyyətlər qazandılar. Bu, milli komanda üçün layiqli ehtiyat qüvvə hazırlandığını deməyə əsas verirmi?

- Yeniyetmələrimiz əsas millinin ehtiyat qüvvəsidir. Onların nailiyyətləri millinin gələcəkdə daha güclü olacağını göstərir. Şübhəsiz ki, yeniyetmələr arasında idmanın inkişaf etdirilməsinin başlıca məqsədlərindən biri də milli komandamıza ehtiyat qüvvələrin hazırlanmasıdır. Belə hesab edirik ki, bu məqsədə çatmaq, eləcə də «boşluqları» aradan qaldırmaq üçün məşqçilərin seçim imkanları geniş olmalıdır. Ona görə də bu istiqamətdə ciddi tədbirlər həyata keçirilir. Paytaxtla yanaşı, bölgələrimizdə yeniyetmə və gənclərin güləşə cəlb olunmasına, onların daha keyfiyyətli məşqlər keçməsinə diqqət gücləndirilir. Yeniyetmələrin yüksək səviyyədə hazırlığı, onların uğurları əsas millimizin güclü ehtiyat qüvvəsi olduğunu deməyə əsas verir.
Federasiya rəhbərliyinin həyata keçirdiyi tədbirlər seçim imkanlarını əsaslı şəkildə genişləndirməyə şərait yaradır və bunun sayəsində indi bütün çəki dərəcələrini layiqincə təmsil edən güləşçilərimiz yetişdirilir.

- Yeni güləş bazalarının yaradılması istiqamətində AGF tərəfindən nə kimi işlər görülür?

- Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin təşəbbüsü və birbaşa nəzarəti ilə Azərbaycanın bütün regionlarını əhatə edən tikinti-quruculuq işləri güləşin də maddi-texniki bazasının gücləndirilməsinə böyük təkan verir. Federasiyanın apardığı məqsədyönlü işlərdən biri də bu idman növünün maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılması, peşəkar mütəxəssislərin işə cəlb olunması və hazırlanmasıdır. Son vaxtlar Kürdəxanı, Pirallahı, Müşfiqabad, Şurabad qəsəbəsində, Xəzər rayonunda yeni güləş zalları istifadəyə verilib. Paytaxtın mərkəzində dünyada analoqu olmayan Olimpiya Təlim Bazası yaradılıb. Burada 14 döşək yerləşdirilib, fitnes mərkəzi və digər qurğular var. İdmançıların tam hazırlığı üçün hər bir şərait yaradılıb. Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə ötən ilin oktyabr ayında Dərbənd şəhərində ulu öndər Heydər Əliyevin adını daşıyan orta məktəbdə güləş zalı açılıb. Bu ilin iyul ayında Balakən rayonunun Qabaqçöl qəsəbəsində güləş zalı əsaslı təmir olunaraq, uşaq və gənclərin istifadəsinə verildi. Həmin ayın sonunda Cəlilabad rayonunun Göytəpə qəsəbəsində güləş mərkəzinin sərbəst güləş böməsi açıldı.

- London Yay Olimpiadasında güləşçilərimizin uğurlu çıxışını təmin etmək üçün Azərbaycan Güləş Federasiyası tərəfindən əlavə olaraq daha hansı işlərin görülməsi nəzərdə tutulub?

- Federasiyanın fəaliyyət siyasəti yalnız ayrı-ayrı turnirlərə hazırlığın necə aparılmasını deyil, ümumilikdə ölkəmizdə güləşin komleks şəkildə inkişaf etdirilməsini, xüsusilə uşaqlar, yeniyetmələr və gənclər arasında kütləviləşdirilməsini əhatə edir. Yaratdığımız təməlin sağlam olduğuna inanıram və gələcək yarışlara, olimpiadalara və çempionatlara hazırlıq üçün işlərimizi bu təməl üzərində davam etdiririk. Olimpiya oyunlarında uğurlu çıxış edəcəyimizə şübhəm yoxdur. Güləşçilərimizin hərtərəfli hazırlığı AGF-in diqqət mərkəzindədir. Pəhləvanlarımızın fiziki, psixoloji hazırlığı üçün əcnəbi mütəxəssislər komandaya cəlb olunub. Onlar məşqdən əvvəl, məşq prosesindən sonra idmançılarımızı tibbi müayinədən keçirirlər. Əsas məqsədimiz bizə yaradılan şəraitdən maksimum yararlanmaqdır. Azərbaycanda bütün idman növlərinin inkişafına zəmin yaradacaq şərait vardır. Londonda həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşi üzrə bütün çəki dərəcələrində lisenziya əldə etmək qarşıda duran başlıca vəzifələrdəndir. Azərbaycan güləşin qədim vətənidir. İnanırıq ki, güləşçilərimiz dünyanın ən möhtəşəm idman yarışlarından biri olacaq XXX Yay Olimpiya Oyunlarında bunu bir daha sübut edəcəklər.

Söhbətləşdi: Leyla Qurbanova

Xəbər 3089 dəfə oxundu.