Mustafa Dənizli bu gün Bakıda olacaq
Səhhətindəki problemlərlə əlaqədar vətəni Türkiyəyə yollanan “Xəzər Lənkəran” klubunun baş məşqçi Mustafa Dənizli bu gün Bakıya qayıdacaq.

Klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlunun Lent.az-a verdiyi məlumata görə, 65 yaşlı mütəxəssis qardaş ölkədə tibbi müayinədən uğurla keçib.

“Xəzər Lənkəran” Topaz Premyer Liqasında növbəti oyununu fevralın 9-da evdə “Neftçi”yə qarşı keçirəcək. Hazırda paytaxtda olan “ağ-yaşıllar” Lənkərana fevralın 7-də yollanacaqlar. Cəbrayıloğlu “Xəzər Lənkəran” mərkəzi stadionunun oyunadək tam hazır vəziyyətə gətiriləcəyini bildirib: “Hazırda ehtiyat meydanımız qardan təmizlənib. Bu gün isə əsas meydan təmizlənəcək və oyunun baş tutmasında heç bir problem olmayacaq”.

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Neftçi” matçı saat 17:00-da başlanacaq. Mustafa Dənizli yüksək təzyiq səbəbindən yanvarın 31-də Bakıdakı Mərkəzi Gömrük Xəstəxanasına yerləşdirilib. O, fevralın 1-də “ağ-yaşıllar”ın “Qarabağ”la keçirdiyi oyun zamanı komandasına rəhbərlik edə bilməyib. Ertəsi gün isə Dənizli Türkiyəyə aparılıb.

Xəbər 894 dəfə oxundu.