Ronaldonun cəzası bəlli oldu
"Atletik" (Bilbao) ilə görüşdə rəqibi İturaspeni vurduğu üçün meydandan qovulan "Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldonun cəzası bəlli olub.

Portuqaliyalı futbolçu 3 oyunluq cəzalandırılıb.

"Atletik"lə oyunda etdiyi hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılan Ronaldo çıxarkən ehtiyat hakimin ünvanına təhqiredici ifadələr işlətmişdi. Matçın baş hakiminin bunu protokolunda qeyd etməsi Ronaldoya baha başa gəlib.

Belə ki, həmin görüşdə baş verənləri araşdıran İspaniya Futbol Federasiyasının Nizam-İntizam Komitəsi təcrübəli futbolçuya 3 oyunluq cəza kəsib. Lakin bu oyunlar yalnız La Liqanın oyunlarına şamil ediləcək. Ronaldo cəza səbəbindən "Vilyareal", "Elçe" və "Qetafe" ilə matçları buraxmalı olacaq.

Qeyd edək ki, Ronaldo İspaniya kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində bu axşam "Atletiko" (Madrid) klubu ilə keçiriləcək matçda forma geyinə biləcək.

Xəbər 948 dəfə oxundu.