Güləşçilərimiz Qitələrarası Kubok yarışında üçüncü oldular
Dağıstan Respublikasının Xasavyurt şəhərində keçirilən sərbəst güləş üzrə Qitələrarası Kubok yarışı başa çatıb. Turnirdə iştirak edən yığma komandamız üçüncü yerə çıxmaqla, kuboka sahib olub.

Güləş Federasiyasından idman.com.az saytına verilən məlumata görə, 10 komandanın mübarizə apardığı turnirdə yığmamız Dağıstan, Türkiyə və Ukrayna ilə bir yarımqrupda yer alıb. Digər yarımqrupda isə, Rusiya, Gürcüstan, Belarus və MOİK komandaları güclərini sınayıblar. Türkiyə güləşçilərinə heç bir şans verməyən (7:0) komandamız Ukrayna üzərində də inamlı qələbə (6:1) qazanıb. Yarımqrupun digər görüşündə Dağıstan güləşçiləri üstün olublar - 3:4. Beləliklə, qrupda ikinci yeri tutan sərbəst güləş yığmamız digər yarımqrupun ikincisi Gürcüstan ilə üçüncülük görüşünə çıxıb. Yekun hesabda (4:3) qalib gələn Azərbaycan Qitələrarası Kubok beynəlxalq turnirini üçüncü yerdə tamamlayıb.

Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında yığmamızda Mahmud Məhəmmədov, Qalib Əliyev (hər ikisi 55 kq), Ağahüseyn Mustafayev (60 kq), Emin Əzizov (66 kq), Aleksandr Qostiyev (74 kq), Novruz Temrezov (84 kq), Hacı Əlicanov (96 kq) və Əli İsayev (120 kq) yer almışdı.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim İntiqam Alıyev ölkəmizi təmsil edib. Olimpiya dərəcəli hakim Hicran Şərifov isə, beynəlxalq turnirdə FİLA (Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası) nümayəndəsi kimi turnirə nəzarət edib.

Xəbər 1073 dəfə oxundu.