BBC Məhəmmədrəsul Məcidovdan yazdı

Britaniyanın nüfuzlu BBC televiziyasının internet səhifəsində Bakıda başa çatan boks üzrə dünya çempionatına həsr olunmuş yazı dərc olunub. “Britaniya boksçuları Bakıda əldə etdikləri rekord nəticəyə sevinirlər” başlıqlı məqalədə əvvəlcə Dumanlı Albion təmsilçilərinin Heydər Əliyev adına İdman-Konsert Kompleksində uğurla çıxış etməsindən söhbət açılır: “Böyük Britaniya boksçuları Bakıdakı dünya çempionatında 3 gümüş və 1 bürünc medal qazanaraq, tarixdə ən yaxşı nəticələrini göstəriblər. 37 il əvvəl Havanada keçirilmiş ilk mundialda İngiltərə, Uels və Şotlandiya təmsilçiləri mübarizə aparmayıblar. Britaniya boksçuları ilk medallarını 10-cu dünya çempionatında (1999-cu ildə) uelsli Kevin Evansın hesabına əldə ediblər”. Daha sonra müəllif britaniyalıların Bakıdakı turnirdə ən yaxşılar arasında olduğunu qeyd edir. Həmkarımız finalda İngiltərə boksçusu Entonu Yoşuanı məğlub edən Məhəmmədrəsul Məcidovu da (+91 kq) yaddan çıxartmayıb: “Final döyüşündə Yoşua üzərində qələbə qazanan Məcidovu yada salmamaq düzgün olmazdı. Bəlkə də bu boksçunun texnikası istənilən səviyyədə deyil, onun özünə məxsus stili yoxdur. Ancaq Məcidovun ürəkli olması, heç kimdən çəkinməməsi bütün bu çatışmazlıqları sığortalayır. O, yarışın gedişində güclü rəqiblərin zərbələrinə tuş gəldi. Ancaq Azərbaycan boksçusunun qələbəni daha çox istəməsi, döyüşkənliyi və ürəkli olması onu qələbəyə yaxınlaşdırdı. Bu cəhətlərinə görə Məhəmmədrəsul Məcidovu əfsanəvi Rokki Marsiano və Balboaya oxşatmaq olar. Yerli publikanın dayanmadan onu dəstəkləməsi, döyüşdən sonra isə Azərbaycan Respublikası Prezidentinin qızıl medalı ona təqdim etməsi boksçunun karyerasında ən önəmli anlar idi. Bir idmançı üçün bundan böyük arzu, istək, dəstək ola bilməz. Bir sözlə, bu fantastik final görüşü idi”.

Xəbər 1059 dəfə oxundu.