İstanbuldan yenə xoş xəbər var
İstanbulda Vəhbi Əmrənin xatirəsinə 32-ci beynəlxalq turnir başa çatıb. İdman.com.az saytı xbər verir ki, Əhməd Comərd İdman Salonunda keçirilən yarışda yunan-Roma güləşi üzrə milli komandamızla bərabər, Türkiyə, Qazaxstan, Ukrayna, Rusiya, Belarus, Bolqarıstan, Gürcüstan, Moldova, Litva, Özbəkistan, İran, Livan, Rumıniya və Qırğızıstandan olan güləşçilər də mübarizə aparıblar.

Rəqabətin ilk günündə yığma komandamız 1 qızıl və 2 bürünc medala sahib olub. Rəsul Çunayev (71 kq) qızıl, Rüstəm Əliyev (71 kq) və Saman Təhmasibi (98 kq) bürünc medal qazanıb.

Turnirin ikinci günündə 66, 75, 85 və 130 kq çəkidə pəhləvanlar mübarizəyə qoşulub. Güləşçilərimiz günü 1 gümüş və 1 bürünc medalla başa vurub.

85 kq-da mübarizə aparan Şəhriyar Məmmədov finala qədər maneəsiz irəliləyib. Ardıcıl olaraq iki Türkiyəli və Özbəkistanlı rəqiblərini məğlub edən güləşçimiz finalda Belarus təmsilçisi ilə qarşılaşıb. Görüşü məğlub başa vuran Şəhriyar gümüş medalla kifayətlənib.

75 kq-da Elvin Mürsəliyev ilk görüşünü qələbə ilə başa vursa da ikinci görüşdə məğlub olub. Rəqibinin finala çıxması ilə təsəlliverici görüşə qatılmaq şansı qazanan güləşçimiz bu imkanı yaxşı dəyərləndirib və vaxtından əvvəl görüşün taleyini həll edib. Medal yolunda həlledici görüşdə Elvin Mürsəliyev İran güləşçisi qarşılaşıb. Minimal hesablı qələbə qazanan güləşçimiz bürünc medala sahib olub.

Ümumilikdə 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan güləşçilərimiz 39 xal toplayaraq komanda hesabında üçüncü yeri tutub. Türkiyə birinci, Belarus ikinci sırada qərarlaşıb.

Xəbər 895 dəfə oxundu.