Rəsul Çunayev bu dəfə də qalib oldu
İstanbulda Vəhbi Əmrənin xatirəsinə 32-ci beynəlxalq turnir start götürüb. İdman.com.az saytı xbər verir ki, Əhməd Comərd İdman Salonunda keçirilən yarışda yunan-Roma güləşi üzrə milli komandamızla bərabər, Türkiyə, Qazaxstan, Ukrayna, Rusiya, Belarus, Bolqarıstan, Gürcüstan, Moldova, Litva, Özbəkistan, İran, Livan, Rumıniya və Qırğızıstandan olan güləşçilər də mübarizə aparır.

Turnirdən öncə hakimlər və məşqçilər üçün seminar keçirilib və iştirakçılara yeni güləş qaydaları barədə FİLA-nın təlimatı çatdırılıb.

Turnirin ilk günündə Eldəniz Əzizli (59 kq), Rəsul Çunayev, Rüstəm Əliyev (hər ikisi 71 kq), Emin Əhmədov (80 kq) və Saman Təhmasibi (98 kq) mübarizəyə qoşulublar.

Rəsul Çunayev (71 kq) finala qədər maneəsiz irəliləyib. Ardıcıl olaraq Türkiyənin 3 güləşçisini tam üstünlüklə məğlub edən təmsilçimiz finalda gürcü rəqibi ilə qarşılaşıb. Gərgin keçən qarşılaşmanı üstün tamamlayan Rəsul Çunayev turnirin qızıl medalına sahib olub. O, ötən il də eyni yarışda baş mükafata sahib çıxmışdı.

71 kq-da mübarizə aparan digər güləşçimiz Rüstəm Əliyev gürcü və rumın rəqiblərindən üstün olsa da, yarımfinalda digər gürcü idmançıya uduzub. Bürünc medal uğrunda görüşdə Rüstəm Vasif Arzumanovu (TUR) məğlub edib və bürünc medala sahib olub.

98 kq çəkidə Saman Təhmasibi gürcü və bolqar rəqiblərini üstələsə də, yarımfinalda türk güləşçisinə minimal hesabla uduzub. Bürünc medal uğrunda güləşçimizin rəqibi daha bir Türkiyə təmsilçisi olub. Həlledici görüşdə rəqibinə şans verməyən Saman Təhmasibi turnirin bürünc medalını qazanıb.

Xəbər 1042 dəfə oxundu.