Dövlət müstəqilliyimizin 20-ci ildönümü sabah Gənclər və İdman Nazirliyində qeyd olunacaq

Oktyabrın 12-də Gənclər və İdman Nazirliyinin akt zalında Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin bərpasının 20 ildönümünə həsr olunan “Müstəqil Azərbaycanda idman siyasəti ” mövzusunda elmi-praktik konfrans keçiriləcək.
İdman ictimaiyyətinin nümayəndələrinin iştirak edəcəkləri elmi-praktik konfrans müstəqillik dövründə ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına həsr olunur.
2 hissədən ibarət olan konfransa plenar və bölmə iclasları daxildir.
Plenar iclasda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının professor və müəllimlərinin “Azərbaycanın müstəqilliyi dövründə bədən tərbiyəsi və idmanın inkişafı”, “Müstəqillik dövründə bədən tərbiyəsi və idman sahəsində qəbul olunmuş qanunlar” mövzusunda məruzələri və bu ətrafda çıxışları dinləniləcək.
Konfrans öz işini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında bölmə iclasında davam etdirəcək. Bölmə iclasında müstəqillik dövründə bədən tərbiyəsi və idmanın inkişafı mövzusunda çıxışlar dinləniləcək.

Xəbər 1224 dəfə oxundu.