Elman Muxtarov: «İlk görüşdə çox enerji itirdim»
«İlk görüşdə çox enerji itirdim, yoruldum. Yoxsa, onda da qalib gələcəkdim. Rəqibim keçilməz deyildi. Amma həmişə mənə mane olan start həyacanı yenə işini gördü».

Bunu idman.com.az saytının Tehrana ezam olunmuş əməkdaşına "Yadigar İmam Kuboku"nun ilk günündə milli komandamızın heyətində bürünc medal qazanmış yunan-Roma güləşçisi Elman Muxtarov (59 kq) dedi. Gənc pəhləvan bildirdi ki, gələcək məşqlərdə buraxılan səhvlərin üzərində işləyib, bir daha bunları təkrarlamayacaq.

Sitat: «Yarışda öz çəkimdə favoritlərdən sayılırdım. Lakin qızıl medal qismət olmadı. Baxmayaraq ki, təsəlliverici görüşlərin hər ikisini vaxtından əvvəl qələbə ilə bitirdim. Çəki salmagım da çıxışıma təsir etdi. Yəqin ki, bundan sonra öz çəkimdə – 66 kq-da güləşəcəyəm. Zənnimcə, onda bir problem olmaz. Bəzi çatışmamazlıqları məşqçilərimin köməkliyi ilə aradan qaldıracağam».

Kamran HACI


Xəbər 4139 dəfə oxundu.