Bakıda keçirilmiş bədii gimnastika üzrə seminarın iştirakçılarına beynəlxalq sertifikatlar təqdim edildi
Bakıda keçirilmiş bədii gimnastika üzrə seminarın iştirakçıları beynəlxalq sertifikatlar almışlar.

Birinci səviyyəli kurslarda bir il bundan əvvəl olduğu kimi, bu dəfə də ən yüksək nəticə göstərən milli komandamızın məşqçilərindən biri – Yasena Kuyumciyeva olmuşdur. Avstriya nümayəndəsi Qabriela Velkov-Yuzek ikinci, komandanın Bakıdakı bazasında ölkə yığmasının baş məşqçisinin köməkçisi Yevgeniya Jidkovaya isə üçüncü nəticə göstərmişdir.
Daha 10 mütəxəssis - Fatimə Şəfizadə, Jalə Qaratova, Mədinə Həsənova, Kamilla Məmmədova və Anastasiya Prasolova (hamısı yığmanın bazasındandır), Elnarə Hüseynova (“Neftçi”), Aleksandra Reyş (“Sərhədçi”), İsmayıllıda, Göyçayda və “Baku Flamens”də bədii gimnastika seksiyalarında əvəzçiliklə işləyən Suktanə İbrahimzadə, Telena Əliyeva (Bakı Gimnastika məktəbi) və seminarın bolqarıstanlı iştirakçısı Yekaterina Dulamova beynəlxalq sertifikat almaq üçün zəruri olan 65 faizdən yuxarı nəticə göstərmişdir.
Kursların rəhbəri, Beynəlxalq Gimnastika Federasiyasının (“FİG”) almaniyalı eksperti Katya Klyaynvelt seminara yekun vuraraq qeyd etmişdir ki, tədbirin məqsədinə nail olmuşuq. Bu seminar əsasən təcrübəsi az olan, necə deyərlər, işə dünən başlamış və indi məşqçilik fəaliyyəti ilə ciddi məşğul olmağı arzu edən mütəxəssislər üçün nəzərdə tutulmuşdur.

Almaniyalı ekspertin fikrincə, son vaxtlar Azərbaycan məşqçilərinin çoxu öz ixtisas səviyyəsini artırmışlar. O demişdir: “Başqa ölkələrin komandalarının birgə məşq toplantılarını məhz Bakıda keçirmək istəyini çox cəhətdən bununla izah etmək olar. Məsələn, bizim seminarla eyni vaxtda başqa xalçalar üzərində Qazaxıstan və Macarıstan gimnastları məşğələ keçirdilər. Eşitdiyimə görə, Meksikadan da bir idmançı qızın Bakıya gəlişi gözlənilir”.

Almaniya nümayəndəsi bir həftəlik kursların yüksək səviyyədə təşkil edilməsinə və keçirilməsinə görə Azərbaycan Gimnastika Federasiyasına təşəkkürünü bildirmiş və demişdir ki, gələn il FİG akademiyası növbəti seminarı Bakıda keçirə bilər, lakin həmin seminar ən yüksək – üçüncü seriyaya aid olacaqdır.

Xəbər 1420 dəfə oxundu.