AİBA prezidenti Bakıda mətbuat konfransı keçirdi

Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq-Kuo Vu oktyabrın 8-də Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində mətbuat konfransı keçirib.

AİBA başçısı Azərbaycanda təşkil edilmiş dünya çempionatı gərgin mübarizə şəraitində keçdiyini və Bakı turnirinin ona çox xoş təsir bağışladığını qeyd edib. O deyib: “Azərbaycan tarixində bu miqyaslı turnir ilk dəfə keçirilmir. Gözlənildiyi kimi, çempionatda favoritlər öz məqsədlərinə çatdılar. Yarış çox yüksək səviyyədə təşkil edilmişdi, hakimlər döyüşləri ədalətlə idarə edirdilər. İdmançılar və məşqçilər mənimlə söhbət zamanı turnirdən razı qaldıqlarını bildiriblər. Yarışların təşkilatçıları işi yüksək səviyyədə qurublar”.

AİBA rəhbəri vurğulayıb ki, “BBC Newsnight” proqramında bu televiziyanın nümayəndələri tərəfindən səslənmiş ittihamların təhqiq edilməsi üçün yaradılmış xüsusi təhqiqat komitəsinin üzvləri ilə görüş nəzərdə tutulmuşdu, lakin bu görüş baş tutmayıb: “BBC nümayəndə heyəti bizə faktlar təqdim etməli idi, lakin bu telekanalda səslənmiş ittihamlarla əlaqədar bizə heç bir fakt təqdim edilmədi. Buna görə də təhqiqat komitəsi BBC-nin nümayəndələri ilə əlaqə saxlamır”.

AİBA-nın prezidenti doktor Vu çıxışının sonunda dünya çempionatının təşkil edilməsi üzrə aparılmış böyük işə görə Azərbaycana təşəkkürünü bildirib.

Xəbər 1342 dəfə oxundu.