Cüdo üzrə Dünya Kuboku yarışlarının təntənəli açılış mərasimi olub

Oktyabrın 8-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində 2012-ci il London Yay Olimpiyadasına lisenziya xarakterli cüdo üzrə kişilər arasında Dünya Kuboku yarışlarının təntənəli açılış mərasimi olub.

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov son illər Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini vurğulayıb. O bildirib ki, dövlət başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idman sürətlə inkişaf edir. Bu gün Azərbaycanda bir çox idman növləri inkişaf edir və sevindirici haldır ki, bu sırada cüdo xüsusi yer tutur. Yüksək nəticələrin davamı kimi bu il də Azərbaycan cüdoçuları beynəlxalq yarışlarda böyük uğurlar qazanıblar. Bu gün açılışa toplaşmış bütün yarış iştirakçılarına uğurlar arzulayır və qələbə sevinci yaşamağı diləyirəm.

Azərbaycan Cüdo federasiyasının prezidenti Füzuli Ələkbərov Londonda Yay Olimpiya oyunlarına lisenziya xalları verən cüdo üzrə Dünya Kubokunun iştirakçılarını salamlamış və bu mötəbər turnirin təşkilini ölkəmizə etibar etdiyinə görə Avropa Cüdo Federasiyasının rəhbərliyinə öz təşəkkürünü bildirib. F.Ələkbərov deyib: “Azərbaycanda cüdo geniş yayılan idman növlərindən biridir. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısının artırılması sayəsində cüdoçularımız rəsmi beynəlxalq yarışlarda daha yüksək nəticələr əldə etməyə başlayıblar. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğısının məntiqi nəticəsi olaraq son illər ölkəmizin paytaxtı dünyanın idman mərkəzlərindən birinə çevrilib. Əminəm ki, cüdo üzrə Dünya Kuboku da yüksək səviyyədə keçiriləcək, yarışlar ədalətli idman mübarizəsi şəraitində keçəcək, qonaqlarımız ölkəmizdən xoş təəssüratla ayrılacaqlar. Bu beynəlxalq turnir cüdoçularımız üçün London Olimpiadasına lisenziyaların veriləcəyi baxımından böyük əhəmiyyət daşıyır”. F.Ələkbərov yarışı açıq elan edib.
Beynəlxalq turnirin təntənəli açılış mərasimi bədii hissə ilə davam edib.

AzərTAc

Xəbər 1286 dəfə oxundu.