Massimiliano Alleqri “Milan” klubunun baş məşqçisi vəzifəsindən azad edildi
Bazar günü “Milan” və “Sassuolo” futbol klublarının görüşü “Milan”ın məğlubiyyəti ilə (3:4) başa çatmışdır. Beləliklə, “rossonerlər” A seriyasının turnir cədvəlində 11-ci yerdə qalmışlar. Bu məğlubiyyətdən sonra “Milan” komandası baş məşqçi Massimiliano Alleqri ilə əməkdaşlığa xitam verməyi qərara almışdır.

Komandanın baş məşqçisi vəzifəsini müvəqqəti olaraq “Milan”ın keçmiş müdafiəçisi, əvvəllər baş məşqçinin köməkçisi olmuş Mauro Tassotti icra edəcəkdir.
M.Alleqri üçün sonuncu matçda görüşün 13-cü dəqiqəsinə qədər onun yetirmələri 2:0 hesabı ilə irəlidə idi, lakin sonrakı 32 dəqiqədə Domeniko Berardi “Milan”ın qapısına 4 qol vurmuş, nəticədə qırmızı-qara formalı komanda çempionatda yeddinci məğlubiyyətə uğramışdır.

“Milanın” sükanı arxasına 2010-cu ildə keçmiş Alleqri elə ilk cəhddən bu komanda ilə çempionluq qazanmışdır. Keçən mövsümdə “rossonerlər” A seriyasında uğursuz start götürdüklərinə baxmayaraq üçüncü yeri tutmuşlar. Cari çempionatın birinci yarısından sonra komanda seriyanı tərk etmək təhlükəsindən cəmi 6 xallıq məsafədədir.

Xəbər 937 dəfə oxundu.