“Rubin”in yeni baş məşqçisindən Ruslana ilk mesaj
Millimizin futbolçusu Ruslan Abışovun çıxış etdiyi “Rubin”in yeni baş məşqçisi Rinat Bilyalettdinov təyinatından sonra ilk açıqlamasını verib. Kazan klubunun internetdəki rəsmi televiziyasına müsahibəsində bu vəzifəyə gətirilməsinin onun üçün gözlənilməz olduğunu, amma bundan qürur duyduğunu deyib.

Sərt məşqçi kimi tanınan R.Bilyaletdinov komandada ikili standartıara yol verməyəcəyini vurğulayıb: “Mən tələbkaram. Heyətdə veteranlar, gənclər və yeni gələn futbolçular olsa da, mənim sevimli futbolçum yoxdur”.

R.Bilyaletdinov R.Abışov da daxil olmaqla bütün futbolçularına xəbərdarlıq edərək bildirib ki, oyunçuların hamısı intizam qaydalarına riayət etməlidir: “Bu, mənim prinsipimdir. Bunsuz uğur ola bilməz. Onlar tələblərimə əməl etməlidirlər. Etməsələr, mövqelərində digər futbolçular çıxış edəcəklər”.

Yeni baş məşqçi “Rubin”in heyətində inqilabi dəyişiklik etməyəcəyini də söyləyib. Onun sözlərinə görə, komandanın hazırkı heyəti onu qane edir: “Onlar bu komandaya təsadüfən gətirilməyib. Bu futbolçularla yolumuza davam edə bilərik”.

Bununla belə, R.Bilyaletdinov heyəti bir daha öyrənəcəyini bildirib və lazım olarsa, yeni futbolçular gətiriləcəyini istisna etməyib.

Oğlu Dinyar Bilyaletdinovun “Rubin”ə mümkün transferi haqda suala isə o, belə cavab verib: “Bura İtaliya və mən də Maldini deyiləm ki, oğlumla bir komandada olum”.

R.Bilyaletdinov “Rubin”in buna qədərki oyun üslubundan köklü şəkildə imtina etməyəcəni deyib. Eyni zamanda, bundan sonra əsasən pressinq futboluna üstünlük verəcəyini qeyd edib.

Rusiya mətbuatına müsahibəsində də baş məşqçi deyib ki, hələlik heç bir futbolçu ilə yolları ayırmaq fikri yoxdur.

Xəbər 821 dəfə oxundu.