Elvin Məmişzadə: «Fərqli taktika sonda öz sözünü dedi»

«Bu döyüşdə qələbə, elə də asan başa gəlmədi. Rəqib güclü idi. Nyanbar 2009-cu illdə dünya çempionatının finalçı olub. Amma çətinliyə rəğmən, yekunda qalib gəldim və London olimpiadasına lisenziya qazandım. Sevincimin həddi-hüdudu yoxdur. Çalışacağam ki, indi olduğu kimi, olimpiadada da ölkəmizin üzünü ağ edim». Bu açıqlamanı idman.com.az saytının əməkdaşına milli komandamızın aparıcı boksçusu Elvin Məmişzadə verib.

Gərgin mübarizədə 52 kq çəkidə monqolustanlı Tuqstsoqt Nyanbara 17:14 hesabı ilə qalib gələn titullu idmançısı, tərəf-müqabilini fərqli taktika sayəsində üstələdiyini deyib: «İlk 2 raundda kifayət qədər xal yığdığımdan, sonuncuda müdafiə üslubunu seçdim. Düzü, rəqibimi tanıyırdım. AİBA-nın peşəkar liqası çərçivəsində keçirilmiş təlim-məşqlərdə onunla sparinqdə olmuşdum. Bu üzdən, məşqçilər ona qarşı məni xüsusi taktika ilə hazırlamışdılar: döyüş zamanı tez-tez geri çəkilirdim, özümü rinqin küncünə sıxır və rəqibi üstümə gəlməyə məcbur edirdim. Bu baş verdikdə, əks zərbələrlə sıyrılıb, onun özünü çətin vəziyyətə salırdım».

E.Məmişzadə sonda onu vurğulayıb ki, artıq bu qələbəni unudub və indi qarşıdakı döyüş barəsində fikirləşir: «Həmişəki kimi, sevincim cəmi bir dəqiqə çəkdi. Hazırda növbəti görüş barəsində fikirləşirəm. Onu qeyd edim ki, qarşıda məni çətin sınaq gözləyir. Əgər rusiyalı boksçuya qalib gələrəmsə, onda yarımfinala adlamış olacam. Bu isə, artıq medal deməkdir».

KAMRAN

Xəbər 1259 dəfə oxundu.