Tofiq Heydərov: Medal sayında birinci olmağımız mümkündür - MÜSAHİBƏ
Ümummilli lider Heydər Əliyevin adını daşıyacaq olimpiya liseyimiz demək olar ki, hazır vəziyyətdədir

“Zirvə” İdman Klubunun yetirmələrinin nəticəsi, bizi beynəlxalq səviyyəli yarışlar keçirmək tələbatı yaradıb

Azərbaycan ağırlıqqaldırmasında yeni era başlayıb. Müstəqillik dönəmində Nizami Paşayevin zəfərlərindən sonra bir müddət böyük qələbələrin intizarında olsaq da, London olimpiadasında Valentin Xristovun bürünc medal qazanması ilə, həmin xoş anları bir daha yaşamağa başladıq. Fərəhli məqam odur ki, indi milli komandamızın özəyini, əsasən gənc atletlər təşkil edir və qələbələr ard-arda gəlməkdədir. Yığma kollektivə ehtiyat qüvvənin yetişməsində «Zirvə» İdman Klubunun da əməyi var. Bu günlərdə təşkilatın rəhbəri Tofiq Heydərovla əlaqə saxlayaraq, qarşıdakı planlar barədə soruşduq. Yanaşı olaraq, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti olan mütəxəssis «İdman» qəzeti və idman.com.az saytına müsahibəsində, ağırlıqqaldıranlarımızın cari mövsümdəki çıxışını qiymətləndirdi, «Zirvə»nin hədəflərini açıqladı.

- Cari mövsümü necə dəyərləndirirsiniz?
- 2013-cü ili klubumuz üçün ən uğurlu il olaraq dəyərləndirmək olar. Yeni təsis edilmiş klubumuzun yetirmələri ilk dəfə olaraq bütün yaş qruplarında keçirilən Avropa və dünya miqyaslı yarışlarda medallar qazanmağa nail olmuşlar. İdmançılarımız beynəlxalq yarışlarda 32 medal – 13 qızıl, 7 gümüş və 12 bürünc – qazanmaqla yanaşı, yüksək nəticələri ilə Avropa və dünya rekordları da təzələməyə müvəffəq ola bilmişlər. Respublika miqyasında keçirilən bütün ağır atletika yarışlarında isə medalların yarıdan çoxunu “Zirvə” İdman Klubunun yetirmələri qazana bilmişlər. Bununla yanaşı, bu il klubumuzun mərkəzi təlim-məşq bazası da idmançılarımızın istifadəsinə verilib.
Milli komandamız da cari ildə də uğurlu çıxış etdi. Ağır atletlərimiz Avropa və dünya çempionatı, Tələbələrin Universiadası və 2-ci Bakı kubokunda böyük qələbələrə nail oldular.

- Olimpiya proqramında aparıcı idman növlərindən olan ağırlıqqaldırmanın ilk Avropa oyunlarına salınması şansına nə qədər inanırsınız?
- İlk Avropa Oyunlarına ağır atletika idman növünün salınması deyərdim ki, Təşkilat Komitəsi üçün ən vacib məsələlərdən biridir. Çünki ağır atletika Yay Olimpiya Oyunlarından proqrama daxil edilmiş ən populyar idman növlərindən biridir. Üçqat olimpiya çempionu olmuş dörd ağırlıqqaldıranın dördünün də Avropadan olmasını nəzərə alsaq, Avropa Oyunlarında bu idman növünün olmaması, məncə, haqsızlıq sayılmalıdır. Ağır atletika dünya miqyasında keçirilən bütün (veteranlar, yeniyetmələr, paralimpiya və s.) Ümumdünya oyunlarının ilk yarışlarından oyunların proqramına daxil edilib. İnşallah, ilk Avropa oyunlarında da bu idman növü oyunların proqramına daxil edilər.

- Əgər ağır atletika Avropa oyunlarına daxil olarsa, bundan ölkə ağırlıqqaldırması necə bəhrələnəcək?
- Mən bir mütəxəssis kimi qeyd edə bilərəm ki, Avropa oyunlarında ağır atletika olarsa, ölkəmizin ən çox medalı da elə bu idman növündə qazanmaq şansımız var. Milli komandamızı ağır atletika yarışlarında təkcə Rusiya millisinin keçmək şansı var. Daha ciddi hazırlaşsaq, mən inanıram ki, medal sayında birinci olmağımız mümkündür.

- Tofiq müəllim, Ölkədə aparıcı ağır atletika klublarından olan «Zirvə», yeniyetmə atletlərin yetişməsində nə vaxt əsas bazaya çevrilmək fikri var?
- Bizim klubun yaranmasında əsas məqsəd yeniyetmələrin bu idman növünə kütləvi şəkildə gəlməsi üçün şərait qurmaq və bu yeniyetmələrin sırasından ən güclüləri bir internat tipli liseydə peşəkar səviyyədə yarışlara hazırlamaqdır. Bu gün kütləvilik demək olar ki, istədiyimiz səviyyəyə çatmaq üzrədir. Müntəzəm keçirilən yarışlarımızda 400-ə yaxın atlet qələbə uğrunda mübarizə aparır. Ümummilli lider Heydər Əliyevin adını daşıyacaq olimpiya liseyimiz demək olar ki, hazır vəziyyətdədir. 2014-cü ildən 100-ə yaxın yeniyetmə atlet burada ən yüksək səviyyədə beynəlxalq yarışlara hazırlaşa biləcək.

- Qarşıdan gələn «Zirvə» kubokunun yaxın gələcəkdə açıq keçirilə bilərmi?
- “Zirvə” İdman Klubunun yetirmələrinin nəticəsi, bizi beynəlxalq səviyyəli yarışlar keçirmək tələbatı yaradıb. Klub rəhbərliyi idmançılarımızın daha da inkişaf etməsi üçün bir sıra dövlətlərdə klubumuzun bölmələrini qurmağı qarşısına məqsəd qoyub. İnşallah, yaxın zamanda “Zirvə” kuboku yarışlarının beynəlxalq bir yarışmaya çevrilməsi bizi sevindirəcək və dövlətimizin idmana göstərdiyi qayğıdan digər dövlətlər belə istifadə edə biləcək.

Xəbər 1128 dəfə oxundu.