Olimpiya təsnifat turniri Bakıda

Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının 2012-ci il London Yay Olimpiya Oyunlarına qatılmaq şansı yüksəlib. Buna səbəb Avropa Voleybol Konfederasiyasının qitənin olimpiya təsnifat turnirinin seçmə mərhələ oyunlarını Bakıya etibar etməsidir. Belə ki, bu mötəbər yarış noyabrın 8-dən 13-dək paytaxtımızda baş tutacaq. Turnirdə ev sahibi Azərbaycanla yanaşı, Bolqarıstan, Çex Respublikası, Ukrayna, Danimarka və Macarıstan milliləri qüvvələrini sınayacaqlar. Bakıda 1-ci yeri tutacaq kollektiv Avropa olimpiya təsnifat turnirinə vəsiqə qazanacaq.

Bakı ilə bərabər analoji yarış Kazan (Rusiya, İspaniya, Rumıniya, Belçika, Slovakiya və Avstriya) və Split (Xorvatiya, Niderland, Fransa, İsrail, Yunanıstan və İsveç) şəhərlərində də keçiriləcək.

Seçmə mərhələdə 18 komandadan 3-ü Avropa olimpiya təsnifat turnirində oynamaq hüququ qazanacaq. Bu mərhələnin matçları isə Türkiyədə olacaq. Artıq İstanbulda keçiriləcək yarışda 5 komandanın adı müəyyənləşib. Bunlar son Avropa çempionatının ən güclü 4 komandası – Serbiya, Almaniya, Türkiyə və İtaliyadır. Türkiyə turnirə ev sahibi kimi qatıldığından, qitə birinciliyinin ən güclü 5-ci komandası Polşada keçiriləcək olimpiya təsnifat turnirinin son mərhələsində oynayacaq.

Həlledici yarış 2012-ci il mayın 1-6-da İstanbulda olacaq və burada ən güclü yığma London-2012-yə lisenziya qazanacaq.

Xəbər 1046 dəfə oxundu.