Alpinizm federasiyalarının başçıları Bakıda toplaşdılar

Oktyabrın 1-də Bakıda MDB, Gürcüstan və Baltikyanı dövlətlərin alpinizm federasiyaları rəhbərlərinin III Sammitinin rəsmi acılışı olub. Park İNN mehmanxanasının «Dan ulduzu» zalında təşkil edilmiş tədbirdə gənclər və idman naziri Azad Rəhimov, müavini İsmayıl İsmayılov, Azərbaycan Milli Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlu və keçmiş sovet məkanı ölkələrinin alpinizm federasiyaları rəhbərlərinin iştirak ediblər.

Nazir Azad Rəhimov son illər ölkəmizdə idmanın sürətlə inkişaf etdiyini deyib. Bildirib ki, ilk dəfə olaraq Azərbaycanda alpinizm rəhbərləri toplanıb. Bu da səbəbsiz deyil. Respublikamızın gözəl səfalı yerləri, maraqlı dağları var; dünyada 11 iqlim qurşağının 9-u buradan keçir. Bu gün Azərbaycanda bir çox idman növləri inkişaf edir. Həmin sırada alpinizm xüsusi yer tutur. Son 2 ildə alpinistlərimiz ekstremal şəraitdə keçirilən ekspedisiyalarda uğurla iştirak ediblər. Olimpiya idman komplekslərində alpinizm idman növü ilə məşğul olmaq üçün süni qayaların yaradılması planlaşdırılır.

A.Rəhimov, Bakı və regionlarda 31 olimpiya kompleksinin istifadəyə verildiyini və daha 9-nun inşa olunduğunu vurğulayıb. Nazir deyib ki, dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idman bundan sonra da inkişaf etdiriləcək.

Tədbirdə İsrafil Aşurlu qeyd edib ki, Azərbaycanın sammitin ev sahibi olması bizim üçün böyük şərəfdir. Bu beynəlxalq əhəmiyyətli tədbirlərdən biridir. Biz sevinirik ki, dövlətin hərtərəfli dəstəyi ilə Azərbaycan Alpinizm Federasiyasının göstərdiyi səylər beynəlxalq səviyyədə yüksək qiymətləndirilib. Buna görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya, Gənclər və İdman Nazirliyinə təşəkkürümü bildirirəm.

Ukraynanın Alpinizim və Qayayadırmanma Federasiyasının prezidenti Valentin Simonenko belə mötəbər tədbirdə iştirak etməsindən məmnunluğunu diqqətə çatdırıb. Çıxışının yekununda o nazir Azad Rəhimova Ukrayna Alpinizm Federasiyasının fəxri medalını təqdim edib.
Sammit çərçivəsində təlimatçıların və dağ bələdçilərinin hazırlanması, alpinizm üzrə beynəlxalq yarışların keçirilməsi (MDB çempionatı, buzadırmanma, veteranlar arasında yarışlar və s.), marşrutların təsnifatına vahid yanaşmalar, Avrasiya Alpinizm və Qayayadırmanma Assosiasiyası ilə qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub. Yekunda MDB İcraiyyə Komitəsinin İdman Şurası yanında alpinizmin inkişaf etdirilməsi üzrə işçi qrupun iclasının protokolu tərtib edilib.

Xəbər 2600 dəfə oxundu.