Hafiz Məmmədov: Foqts yığıncaqda yaxşı sözlər danışdı
Dekabrın 18-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirildi. İdman.com.az saytı xəbər verir ki, aparılmış müzakirələrdə ölkə futbolunun gələcək taleyi ilə bağlı mühüm qərarlar verildi. İcraiyyə Komitəsinin üzvü Hafiz Məmmədov jurnalistlərlə görüşdə, baş məşqçi Berti Foqtsun daha bir sikl milli komandada qalmasına münasibət bildirdi:

“İcraiyyə Komitəsində geniş müzakirə getdi. Foqtsun işinə qiymət verildi. Deyildi ki, o, müdafiəyə çox meyl edir. Gərək, hücum futbolu da ola. Foqtsun qarşısına ayda 3 həftə Azərbaycanda olmaq şərt qoyuldu. Komandaya verilən mükafatdan danışıldı. Sözsüz ki, hər işdə stimul olmalıdır. Bizdə elə məqamlar olur ki, qalib gəlməyəndə belə, futbolçuların can yandırdığını görüb, mükafatı kəsmirəm.
Toplantıda yerli oyunçularımızın son zamanlar ölkə çempionatında fərqlənməsi təqdir olundu. Patiç də «Bakı»nın yeri futbolçularını bəyənir və onların hələ ölkə xaricində çıxış etməsinə razılıq vermir. Deyir ki, komandada oynayan yerlilər ən yaxşılardandır. Onları buraxsam, gözəl futbol nümayiş etdirə bilmərəm”.

«Bakı» klubunun prezidenti əlavə etdi ki, milli komandanın baş məşqçisi son mərhələdə qazanılan nəticədən narazıdır: “Foqts, yığıncaqda yaxşı sözlər danışdı. Dedi ki, 9 xal toplamağımıza sevinmirəm. Azərbaycanlı futbolçuları artıq tanımışam. Bəzi elə futbolçular olub ki, 9 xalımız olsun, bəsdir, deyib. Digəri meydanda fikirləşib, mən dayanıb, o biri qaçsın». Foqts əlavə etdi ki, ona bundan sonra işləmək bir qədər də rahat olacaq. Ona 2 yeni köməkçi məşqçi verildi. Pantiçə, «Bakı»nın bazasında görüşəcəyini söylədi.
Berti Foqts dünyanın tanınmış mütəxəssislərindəndir. Con Toşak, Mustafa Dənizli kimi məşqçilərin ölkəmizdə çalışması futbolumuza nüfuz gətirir, marağı artırır, onu gözəlləşdirir”.

Xəbər 1209 dəfə oxundu.