Fərid Mansurov: 66 kq-da səviyyəli bir neçə güləşçi var
21-23 dekabrda “Sərhədçi” Olimpiya İdman Mərkəzində sərbəst və yunan-Roma güləşçiləri arasında Azərbaycan çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, bu yarışda bütün titullu bahadırların iştirakı gözlənilir. Mütəxəssislərin rəyinə görə, mövsümün son sınağı idman ictimaiyyətinin diqqət mərkəzindədir. Çünki milli komandanın gələn mövsüm üçün 1-ci heyəti, bu mübarizənin yekununda qalib gəlmiş pəhləvanlardan təşkil olunacaq.

FİLA-nın çəki dərəcələrində gözlənilən dəyişikliyini nəzərə alan AGF, çempionatda iştirak edən idmançılara 2 kq artıq çəkidə güləşməsinə icazə verəcək. Lider bahadırlarımız növbəti Avropa və dünya çempionatında uğurlu çıxış etmək üçün, ilin son sınağını uğurla başa vuraraq yeni mövsümə xoş ovqatla çıxmaq niyyətindədirlər. Onların bu arzusu gerçəkləşəcəkmi? Yoxsa, güzəştsiz rəqabətdə gözlənilməz nəticələr qeydə alınacaq?

AGF-in vitse-prezidenti Fərid Mansurov saytımızın əməkdaşına verdiyi açıqlamada deyib ki, milli komandada perspektivli yunan-Roma güləşçiləri var. Onlar da uğur qazanmaq gücündədirlər: “Bu yaxınlarda paytaxtda keçirilmiş “Qızıl qran-pri” turnirində yeniyetmə güləşçilərimizin parlaq çıxışlarını izlədim. Demək, ehtiyat qüvvə yetişir. Elə çəki dərəcəsi var ki, orada gərgin rəqabət var. Buna misal olaraq, 66 kq çəkini göstərə bilərəm.

Həsən Əliyevlə Vitali Rəhimov titullu və təcrübəli güləşçilərdir. Son zamanlar bu mövqedə gənc idmançı Rəsul Cunayev öz sözünü deməyə başlayıb. Sevinirəm ki, gedişimdən sonra çıxış etdiyim çəkidə boşluq yaranmayıb. Bu üzdən ölkə çempionatında maraqlı və güzəştsiz mübarizələrin şahidi olacağıq. Səviyyəli güləşçilərimiz çox olduğundan, indidən qəti fikir söyləmək çətindir”.


Xəbər 1257 dəfə oxundu.