Metyu Bremmier “Synergy Baku” üçün yeni qələbələr vəd edir
“Mən bacardığım qədər çox qələbə qazanmaq istəyirəm”. İdman.com.az xəbər verir ki, bu sözü “Synergy Baku”nun irlandiyalı velosipedçisi Metyu Bremmier velonation.com portalına müsahibəsində deyib. Özünü yeni mövsümə hazır sayan və idman formasının yüksək zirvəsində olan 28 yaşlı Bremmier, 2014-cü ildəki hədəflərinin böyük olduğunu bildirib.

Uzun illər müxtəlif komandaların şərəfini qoruyan Metyu Bremmier 2014-cü ildə çempion sistemində yarışmağı və şəxsi karyerasında irəliləyiş əldə etməyi düşünür. O qələbələr sayında özünün şəxsi rekordunu yeniləməyi də qarşısına məqsəd qoyub. Əvvəlki illərdə topladığı təcrübənin köməyinə gələcəyini bildirən velosipedçi, 2014-cü ildə daha çox qələbə qazanacağına ümid bəsləyir.

İrlandiyalı velosipedçinin 2013-cü ildəki çıxışlarına nəzər salsaq görərik ki, Bremmier 15 yürüşdə “Top 10”-luğa daxil olmağı bacarıb. Bu yarışlar içərisində “Tour of California”, “Tour of Qinghai Lake” və “Schaal Sels” turnirləri xüsusi qeyd olunmalıdır.

Bir sözlə, Bremmier artıq dünya turlarında öz sözünü demiş velosipedçidir. O, ötən illər ərzində Nokolas Roşe, Dan Martin və Filipp Deqnan kimi velosipedçiləri şosse yarışlarında qabaqlamaqla ölkəsinin 5 qat çempionu adına layiq görülüb. Əgər 2014-cü ildə işlər qaydasında getsə, Bremmier yeni müqavilə imzaladığı “Synergy Baku”nu çox sevindirəcək.

Xəbər 1135 dəfə oxundu.