Villaş-Boaş “Totenhem”in baş məşqçisi vəzifəsini tərk edib
Portuqaliyalı Andre Villaş-Boaş Londonun “Totenhem” komandasının baş məşqçisi vəzifəsini tərk etmişdir. Bu barədə İngiltərə futbol klubunun rəsmi saytında məlumat verilir.
AzərTAc xarici ölkələrin KİV-nə istinadən xəbər verir ki, mütəxəssislə kontraktın tərəflərin qarşılıqlı razılığı əsasında pozulduğu qeyd olunur.

Saytda yerləşdirilmiş qısa informasiya məlumatında deyilir: “Andreyə gələcəkdə uğurlar arzulayırıq”.

Bu ərəfədə İngiltərə premyer-liqasının 16-cı turunda “Totenhem” öz meydançasında 0:5 hesabı ilə “Liverpul” komandasına uduzmuşdur. 2012-ci ilin yayından London klubuna başçılıq edən Villaş-Boaş bu məğlubiyyətə görə təqsiri öz üzərinə götürmüşdür.
Bu mövsümdə 16 oyundan sonra londonluların 27 xalı vardır və onlar İngiltərə çempionatında yeddinci yeri tuturlar.

Boşalmış vəzifəyə başlıca namizəd kimi futbol üzrə Rusiya yığmasının məşqçisi Fabio Kapellanın adı çəkilir. Britaniyanın “Will Hill” kontoru italyanın mümkün təyinatı üçün 2,50 əmsalı müəyyən etmişdir. Daha çox ehtimal olunan digər iki namizəd Mikael Laudrup (6,00) və Qus Hiddinkdir (8,00).

Xəbər 662 dəfə oxundu.