"İnter"in ölkə çempionatında yubiley qolu
Topaz Premyer Liqasının 17-ci turunun “İnter” – “Sumqayıt” oyununda hesabı açan Abdulla Abatsiyevin qolu meydan sahibləri üçün əlamətdar olub.

İdman.com.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, milliləşən legioner paytaxt təmsilçisinin ölkə çempionatının yüksək dəstəsində 500-cü qolunu vurub.

Bu qarşılaşmayadək hesabında 499 qol olan “İnter” sumqayıtlıları 2:0 hesabı ilə udaraq bu rəqəmi 501-ə çatdırıb.

1999-cu ildən ölkənin ən güclü klubları sırasında olan komanda ilk 4 mövsümdə “Xəzər Universiteti” adı altında çıxış edib. Bu müddətdə bakılılar 110 qol vurub. 2004-cü ildə adını dəyişən paytaxt təmsilçisi daha 391 dəfə fərqlənməklə qol sayını 501-ə çatdırıb.

501 qolunu 371 matçda vuran “İnter” öz qapısından 316-nı buraxıb. Vurulan qolların 273-ü ev, 228-i səfər matçlarında qeydə alınıb. Texniki qələbənin əldə olunduğu 5 matç isə top fərqində əksini tapmayıb.

“İnter” Azərbaycan çempionatları tarixində 500 qol səddini arxada qoyan 6-cı komandadır. Onlara qədər “Neftçi”, “Qarabağ”, “Kəpəz”, “Turan” və “Bakı” da bunu bacarıb.

Qeyd edək ki, paytaxt təmsilçisi ilk qolunu 1999-cu il noyabrın 7-də “Neftçi” ilə ev oyununda vurub. Komandasının 2:3 hesabı ilə uduzduğu matçın 37-ci dəqiqəsində fərqlənən Samir Ələkbərov klubun tarixində düşüb.

Xəbər 851 dəfə oxundu.